Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş uşaq siyasəti ölkəmizdə bu gün də uğurla davam etdirilir. Bu, ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqlara, gənclərə göstərdikləri qayğıda real əksini tapır. Xüsusən də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” və digər proqramların icrası təhsilin inkişafına böyük töhfə verir. Son illər respublikamızın bütün bölgələrində yeni məktəblərin, məktəbəqədər təhsil müəssisələrinin inşası, bununla bağlı imzalanan çoxsaylı Sərəncamlar, həyata keçirilən layihələr bunu deməyə əsas verir.
Ölkə başçısının regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr, göstərdiyi qayğı sayəsində Qazaxda da bu sahə daim diqqət mərkəzində saxlanılır. Son illər Qazaxda uşaqlara göstərilən qayğının bariz nümunəsini bu gün rayonda mövcud olan 26 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 20-si kənd üzrə) 21-nin müasir tələblərə cavab verən səviyyədə olmasından görə bilərik.
Yanvarın 19-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunda baş məsləhətçi Əziz Məmmədovla birlikdə mövcud qarlı hava şəraiti ilə əlaqədar Qazax şəhərində fəaliyyət göstərən 1,3,6 saylı Körpələr Evi-Uşaq bağçalarında və 2 saylı Uşaq bağçasında olub.
Bağçalara baxış keçirən icra başçısı Qazax şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının istilik sistemində olan problemin aradan qaldırılması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Məktəbəqədər təhsil müəssisələrində körpələr üçün yaradılan şəraitlə, uşaqların davamiyyəti, tibbi müayinə olunmaları ilə yaxından tanış olan icra başçısı gələcəyimiz olan körpələrin hər cür qayğıya, diqqətə layiq olduğunu qeyd edib.
Bağça müdirləri ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısına görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya rəhbərlik etdikləri kollektivlər və valideynlər adından minnətdarlıqlarını bildiriblər. Uşaqlara göstərilən qayğının valideynlər tərəfindən də razılıqla qarşılandığını dilə gətiriblər. Rəhbər təyin olunduğu ilk gündən körpə balalara göstərdiyi səmimi münasibətə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar.









