Vəhdət Partiyasının üzvləri və ictimaiyyət nümayəndələri Hərbi Prokurorluğun binasında yerləşən Memorial Soyqırımı Muzeyini ziyarət ediblər. Partiya üzvləri və ictimai xadimlərin iştirakı ilə keçirilən tədbirin əvvəlində Xocalı soyqırımı zamanı törədilən vəhşiliklərin təfərrüatlarını əks etdirən sənədli film nümayiş etdirilib.
Partiyanın sədri Adəm İsmayıl Bakuvi çıxışında Xocalı soyqırımı ərəfəsində keçirilən bu cür tədbirlərin böyük mənəvi və tarixi əhəmiyyət daşıdığını bildirib, faciəni “Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş sağalmaz yara” adlandırıb. Onun sözlərinə görə, Xocalı həqiqətlərinin gələcək nəsillərə çatdırılması, dünya ictimaiyyətinə tanıtdırılması və tarixi ədalətin bərpası hər bir vətəndaşın mənəvi borcudur. Çünki Xocalı soyqırımı yalnız bir şəhərə qarşı törədilmiş cinayət deyil, insanlığa qarşı yönəlmiş ağır bir faciədir və bu həqiqətlər unudulmamalı, daim xatırladılmalıdır.
Adəm İsmayıl Bakuvi Hərbi Prokurorluq tərəfindən Xocalı cinayətinin törədənlərin müəyyənləşdirilməsi istiqamətində uzun illər ərzində aparılan istintaqı xatırladaraq bildirib ki, bu proses sayəsində çoxsaylı sübutlar əldə edilib, təqsirləndirilən şəxslər müəyyən edilərək axtarışa verilib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu Qarabağı azad etdikdən sonra Hərbi Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti və digər dövlət qurum əməkdaşlarının fədakarlığı sayəsində Xocalı qatilləri və müharibə cinayətlərini törədən şəxslər ədalət mühakiməsinə cəlb olunub, Azərbaycan məhkəmələri tərəfindən layiqli cəzalarını alıblar. Partiya sədri əminliklə vurğulayıb ki, Azərbaycan xalqına qarşı etnik təmizləmə, terror, insanlıq və sülh əleyhinə cinayətlər törədənlərin hamısı qısa zamanda məhkəməyə cəlb olunacaqlar.
Hərbi prokurorun müavini Qasım Məmmədov Xocalıda törədilən cinayətlərin araşdırılması istiqamətində aparılan işlərdən, fakt və sübutların toplanmasından, həmçinin soyqırımının beynəlxalq müstəvidə tanıdılması sahəsində görülən tədbirlərdən danışıb. O qeyd edib ki, istintaq orqanları tərəfindən toplanmış materiallar hüquqi qiymətin verilməsi üçün mühüm əsaslar yaradıb və bu istiqamətdə işlər ardıcıl şəkildə davam etdirilir.
Tarixçi alim, keçmiş xarici işlər naziri Həsən Həsənov Ermənistanın Azərbaycana təcavüzündən sonra beynəlxalq aləmdə ədalətli mövqenin formalaşdırılması üçün dövlət səviyyəsində görülən işlərdən bəhs edib. O bildirib ki, BMT-də diplomatlarımızın mübarizəsi nəticəsində məlum dörd qətnamə qəbul etdirilib və Qərbin səylərinə rəğmən bu sənədlərdən bəzilərinə Ermənistanın adını açıq yazmaq mümkün olub. H.Həsənov əlavə edib ki, Azərbaycan bu gün qalib dövlət kimi sülhə gedir və heç bir qüvvə ölkəmizi ədalətsiz mövqeyə məcbur edə bilməz.
Xalq rəssamı Arif Hüseynov Xocalı faciəsinə və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bütün dünyada apardığı “Xocalıya ədalət” kampaniyasına həsr etdiyi tablolarını muzeyə hədiyyə edib. Təsviri incəsənətdə ilk “Qarabağnamə”nin müəllifi olan Xalq rəssamı qeyd edib ki, incəsənət Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında mühüm vasitədir və sənət dili ilə bu faciənin ağrısını gələcək nəsillərə ötürmək mümkündür.
Oğlu 44 günlük Vətən müharibəsində şəhid olmuş xalq artisti Əli Nur çıxışında bildirib ki, hələ sovet dövründə Ermənistanın müəyyən dairələr tərəfindən himayə olunduğu müşahidə edilirdi. Belə ki, vaxtilə İosif Stalin daşnak xislətli sovet yazıçısı, türklərin düşməni Marietta Şaginyandan qorxduğunu etiraf edib. Ermənistanın Azərbayana qarşı iddiaları həmin dövrdə vüsət alıb. Lakin boynuna kəfən dolamış qəhrəmanların şücaəti sayəsində 44 günlük müharibədə qələbə əldə olunub.
Vəhdət Partiyası sədrinin müşaviri Nazim Hacıyev prokurorluq orqanlarında çalışdığı illəri xatırladaraq, hərbi prokurorluq əməkdaşlarının səngərdə, atəş altında apardıqları fəaliyyətdən danışıb. O bildirib ki, hadisə yerlərində çalışan əməkdaşlar böyük fədakarlıq göstərib, hətta həlak olan və yaralananlar da olub. Son dövrlərdə isə hərbi prokurorluq orqanlarında şəffaf və müasir idarəetmə mühitinin formalaşdığını qeyd edib.
Hərbi prokurorun müavini Elmir Süleymanlı tədbir iştirakçılarına təşəkkürünü bildirib. O qeyd edib ki, Memorial Soyqırımı Muzeyinin tarixi istintaq materiallarının toplanması dövrünə gedib çıxır və burada nümayiş etdirilən eksponatlar həmin sübut bazasının bir hissəsidir. Bildirilib ki, Prezidentin müvafiq göstərişinə əsasən Xocalıda da böyük muzey kompleksinin inşası nəzərdə tutulur və ictimaiyyət nümayəndələrinin bu cür ziyarətləri görülən işlərə verilən qiymətin göstəricisidir.
Sonda Vəhdət Partiyasının nümayəndələri Memorial Soyqırımı Muzeyinin ekspozisiyası ilə tanış olub, eksponatlar barədə ətraflı məlumat əldə ediblər.
Qeyd edək ki, Memorial Soyqırımı Muzeyi Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı və kütləvi qırğınların, deportasiya və terror faktlarının sənədli sübutlarının qorunması və ictimaiyyətə təqdim olunması məqsədilə yaradılıb. Muzeydə istintaq materialları, foto və video sübutlar, arxiv sənədləri, şahid ifadələri və digər tarixi eksponatlar nümayiş etdirilir. Bu məkan milli yaddaşın qorunmasına, Xocalı həqiqətlərinin gələcək nəsillərə çatdırılmasına və beynəlxalq ictimaiyyətin məlumatlandırılmasına xidmət edir.










