FHN-ə sual: Biz bu çempionatın tamaşaçısıyıq, yoxsa iştirakçısı?

Noyabrın 4-də Bakıda yanğınsöndürmə və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatının rəsmi açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov açılış nitqi ilə çıxış edərək iştirakçıları salamlayıb, çempionatla bağlı gözləntilərini dilə gətirib. Lakin FHN şefinin optimist ruhlu açıqlamalarına rəğmən çempionat ölkəmiz üçün uğursuz başlayıb. Belə ki, keçirilən yarışlarda əsasən Rusiya və Belarus komandaları qalib gəliblər. Mediada 5 noyabr tarixində bununla bağlı məlumatda deyilir: “Kişilər arasında yanğın-xilasetmə idmanı üzrə hücum nərdivanı ilə 4-cü mərtəbəyə qalxma növündə I yeri Dmitri Qrebenşikov - Rusiya Federasiyası, II yeri Zelimxan Kubayev - Rusiya Federasiyası, III yeri isə Stanislav Titorenko - Rusiya Federasiyası tutub. Qadınlar arasında yanğın-xilasetmə idmanı üzrə hücum nərdivanı ilə 2-ci mərtəbəyə qalxma növündə I yerə Mariya Kataseva - Rusiya Federasiyası, II yerə Aleksandra Lasenkova - Belarus Respublikası, III yerə isə Yekaterina Sidorenko- Rusiya Federasiyası layiq görülüblər.
Qalib və mükafatçılara medalları Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çuprian təqdim ediblər”.
Yarışların növbəti günü də ölkəmiz üçün uğursuz olub: “Kişilər arasında 4x100 metrlik yanğın estafeti növündə komandalar arasında I yeri Belarus Respublikası, II yeri Çin Xalq Respublikası, III yeri isə Rusiya Federasiyasının komandası tutub. Qadınlar arasında I yerə Rusiya Federasiyası, II yerə Özbəkistan Respublikası, III yerə isə Belarus Respublikasının komandası layiq görülüb”.
Yarışların nəticəsi istər-istəməz bir sualı aktualaşdırır: Biz bu çempionatın tamaşaçısıyıq, yoxsa iştirakçısı?
