Siyasət

“Dublin Bəyannaməsi” xarici siyasətimizin təntənəsi, Azərbaycanın qlobal nüfuzunun göstəricisidir”

41

Səmyar Abdullayev: “Bu Bəyannamə sübut etdi ki, dünyanın ən qüdrətli dövlətləri belə ölkəmizlə əməkdaşlığa xüsusi maraq göstərir”

“Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin prezidenti Səmyar Abdullayev ölkəmizin diplomatiya müstəvisində əldə etdiyi son uğurlarlala bağlı Moderator.az-a müsahibə verən. Həmin müsahibəni oxucuların diqqətinə çatdırırıq:

-Səmyar müəllim, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşdü, iki dövlət arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalandı. Öncə bu səfər və məlum Bəyannamə ilə bağlı fikirlərinizi bilmək istərdik.

-Prezident İlham Əliyevin Dublinə səfəri və səfər əsnasında “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin imzalanması hər iki dövlətin maraq və mənafeyi baxımından olduqca mühüm hadisədir. Bu, hər şeydən öncə Azərbaycanın xarici siyasətinin təntənəsi, dövlətimizin qlobal nüfuzunun göstəricisi deməkdir.

Bildiyiniz kimi, Böyük Britaniya müasir dünyamızda istər siyasi-iqtisadi, istərsə də hərbi baxımdan ən güclü dövlətlərdən biridir. BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Böyük Britaniya, qlobal siyasətin formalaşmasında yaxından iştirak edir, hadisə və proseslərin gedişatına mühüm təsir göstərir. Başqa sözlə desək, Böyük Britaniya dünyamızın əsas güc mərkəzlərindən biridir. Odur ki, “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin imzalaması milli maraqlarımız baxımından olduqca önəmlidir. Bu Bəyannamə iki dövlət arasında bütün əsas sahələrdə birgə tərəfdaşlığı nəzərdə tutur ki, bu da Azərbaycanın inkişafı, onun qlobal aləmdəki nüfuzunun daha da artması, müasir tələb və gözləntilərə cavab verməsi baxımından son dərəcə əhəmiyyətlidir. “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”ni dövlətimizin və Prezidentimizin ən böyük diplomatik uğurlarından biri hesab edirəm.

-Bəyannamədə öz əksini tapan məsələlərdən biri də iki dövlət arasında hərbi sahədə əməkdaşlıqla bağlıdır. Sizcə iki dövlət arasında hərbi sahədə tərəfdaşlıq regional və qlobal təhlükəsizliyə nə vəd edir?

-Aydındır ki, “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” hərbi təhlükəsizlik baxımından mühüm önəm kəsb edir. Məlum Bəyannamə hər şeydən öncə Azərbaycan və Böyük Britaniyanın hərbi müstəvidə sıx əməkdaşlığını nəzərdə tutur ki, bu da müharibə və qarşıdurmaların artdığı dünyamızda təhlükəsizlik baxımından  olduqca önəmlidir. Hörmətli Prezidentimizin dediyi kimi, müasir dünyamızda beynəlxalq hüquq öz gücünü itirib və bu gün hər bir dövlət yalnız və yalnız öz gücünə, eləcə də öz müttəfiqlərinin dəstəyinə arxalana bilər. Biz bunu 44 günlük Vətən müahribəsində də aydın şəkildə gördük. Gördük ki, BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin mövcud olmasına baxmayaraq, beynəlxalq təşkilatlar və beynəlxalq hüquq erməni işğalına son qoya, işğal faktorunu ortadan qaldıra bilmir. Hansı ki, bunu Azərbaycan Silahlı Qüvvələri Prezident İlham Əliyevin rəhbərliyi altında cəmi 44 gün ərzində yüksək səviyyədə təmin etdi. Bu baxımdan, düşünürəm ki, Azərbaycanla Böyük Britaniya arasında hərbi müstəvidə tərəfdaşlığın mövcudluğu dövlətimizin müdafiəsi baxımından bizə əlavə imkanlar qazandıracaq.

Bundan başqa, Azərbaycanla Böyük Britaniya arasındakı hərbi əməkdaşlıq qlobal təhlükəsizlik baxımından da böyük önəm kəsb edir. Bu Bəyannamə və orada əksini tapan hərbi tərəfdaşlıq müddəası hər hansı üçüncü tərəfə qarşı yönəlməyib və ümumilikdə, bütün dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir. Bu isə bütün bəşəriyyətin mənafeyinə uyğundur. Buna görə də, “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”dən irəli gələn müddəalar icrası bütün insanlığın rifahına və təhlükəsizliyinə xidmət edən mühüm saziş kimi dəyərləndirilməlidir.

-Səmyar müəllim, uzun müddət siyasi proseslərin içərisində olan bir şəxs kimi “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”ni ölkəmizin beynəlxalq aləmdəki nüfuzu baxımından necə qiymətləndirirsiniz?

-Bu Bəyannamə Azərbaycanın müasir dünyada siyasi-diplomatik, eləcə də hərbi-iqtisadi baxımdan artan rolundan xəbər verir. “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” sübut edir ki, dünyanın ən qüdrətli dövlətləri belə ölkəmizlə əməkdaşlığa xüsusi maraq göstərir. Bütün dünya Azərbaycanın regional və qlobal miqyasda artan rolunu aydın şəkildə görür və buna görə də dövlətimizlə əməkdaşlıq çərçivəsində öz maraqlarını daha fundamental şəkildə təmin etməyə çalışır.

Bir sözlə, Azərbaycan dinamik şəkildə artan hərbi-iqtisadi gücü, siyasi-diplomatik nüfuzu ilə bütün dünyaya nümunədir və biz bütün bu uğurlara görə Prezident İlham Əliyevə borcluyuq. Erməni işğalına son qoyan və Azərbaycanın ərazi bütövlüyünü təmin edən Ali Baş Komandan, post-müharibə dönəmində ölkəmizi inkişaf və  tərəqqisi istiqamətində də böyük uğurlara nail olub ki, Böyük Britaniya ilə dövlətimiz arasında imzalanan Birgə Bəyannamə bu uğurların qlobal müstəvidəki təsdiqidir.

Prezidentimizin ən böyük uğurlarından biri onun diplomatik sahədə güclü komanda formalaşdırması, bu komandanın ciddi koordinasiya və fədakarcasına milli maraqlarımıza xidmət etməsidir. İstər Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, istər xarici işlər naziri Ceyhun Bayramov, istərsə də digər diplomatlarımız Prezident İlham Əliyevin rəhbərliyi altında beynəlxalq arenada dövlətimizin maraqlarını qətiyyətlə müdafiə etməkdə, böyük uğurlara imza atmaqdadır. Biz vətəndaş və xalq olaraq bütün bunları görür, Prezidentimiz və onun komandasının uğurlarından qürur duyuruq.

-Birgə Bəyannamədə öz əksini tapan məsələlərdən biri də enerji təhlükəsizliyi və təhsil sahəsindəki əməkdaşlıqla bağlıdır. Sizcə Böyük Britanya ilə hər iki müstəvidə tərəfdaşlıq əlaqələrinin formalaşması ölkəmizə nə qazandıracaq?

-Hər şeydən öncə qeyd edim ki, istər enerji təhlükəsizliyi, istərsə də təhsil sektoru strateji sahələrdir və bu sahələr istənilən dövlətin həyatında, eləcə də gələcək inkişafında mühüm yer tutur. Məhz bu səbəbdən də Birgə Bəyannamədə hər iki amilə xüsisi diqqət yetirilib, enerji təhlükəsizliyi və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi öz əksini tapıb.

Bildiyiniz kimi, enerji istehsalı, xüsusilə də yaşıl enerji itehsalı Azərbaycan dövlətinin iqtisadi siyasətində mühüm yer tutur. İstər işğaldan azad edilən ərazilərdə, istərsə də respublikamızın digər bölgələrində bərpa edilən enerjinin istehsalı ilə bağlı sistemli addımlar atılmaqda, SES-lər, külək və günəşlə işləyən elektrik stansiyaları inşa olunmaqdadır. Bütün bunlar həm ekoloji mühitin qorunmasına, həm də ənənəvi enerji sahələrindən asılılığın aradan qaldırılmasına kömək edir, yeni reallıqlar formalaşdırır.

Bir məqamı da qeyd edim ki, son illər Avropa İttifaqına üzv olan dövlətlərin enereji təhlükəsizliyinin təminində Azərbaycanın rolu sürətlə artmaqdadır. Avropa dövlətlərinin enerji ilə təminatında Rusiyanın ənənəvi rolunun azalması da bu məsələyə öz təsirini göstərib.

Azərbaycan bəzi dövlətlərdən fərqli olaraq enerji faktorundan heç vaxt siyasi təzyiq aləti kimi istifadə etməyib ki, bu da ölkəmizin tibarlı enerji təchiztçısı kimi önəmini hər kəs üçün artırır.

Təhsilə gəlincə, bu sahə bütün ölkələr kimi Azərbaycanda da strateji sahələrdən bir hesab edilir. Azərbaycan Respublikasının Prezidenti milli təhsil sistemi qarşısında bir sıra mühüm vəzifələr qoyub ki, bunlardan biri də intellektual, yüksək savadlı gənclər yetişdirməklə yanaşı, həm də milli-mənəvi dəyərlərə bağlı şəxsiyyətlər yetişdirməkdir. Ölkə başçısının dediyi kimi, Azərbaycan dövləti əldə etdyi nailiyyətlərə görə xalqımızın milli-mənəvi dəyərlərinə borcludur. Məhz bu dəyərlər yüksək vətənpəvərliyə malik gəncliyin yetişməsini təmin edib, onları elmlə yanaşı, həm də ülvi, nəcib dəyərlərlə silahlandırıb.

Hesab edirəm ki, Böyük Britaniya ilə Azərbaycan arasındakı Birgə Bəyannamədə təhsillə bağlı yer alan öhdəliklər yeniyetmə və gənclərimizin intellektual səviyyəsinin daha da yüksəlməsinə, onların qlobal təhsil sistemi ilə daha yaxından tanış olmasına təkan verəcək, bu istiqamətdə yeni imkanlar və perspektivlərin formalaşmasına şərait yaradacaq.

Mən “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”sini Azərbaycanın qlobal siyasətində yeni bir mərhələ hesab edir və bu uğura görə Azərbaycan dövətinə, cənab Prezidentə öz təşəkkürümü bildirirəm.

-Səmyar bəy, son vaxtlar ölkəmizə qarşı müxtəlif böhtan kampaniyaları, dezinformasiyalar həyata keçirilməkdədir. Sizcə bu kampaniyalarla Azərbaycanın əldə etdiyi uğurlar arasında bir əlaqə varmı?

-Şübhəsiz!

Anti-Azərbaycan kampaniyasının arxasında duran əsas faktor Azərbaycanın beynəlxalq aləmdə əldə etdyi çoxsaylı uğurlar, bəzi qüvvələrin bu uğurları heç cür həzm edə bilməməsidir. Məhz bu səbəbdən də müəyyən dairələr Azərbaycanı gözdən salan, həqiqətlə heç bir əlaqəsi olmayan iddialar səsləndirməkdə, media və sosial mediada əsası olmayan böhtan xarakterli məlumatlar yaymaqdadır. Məqsəd Azərbaycanın beynəlxalq aləmdəki nüfuzuna kölgə salmaq, onun nailiyyətlərinin önəmini süni şəkildə azaltmaqdır. Lakin anti-Azərbaycan kampaniyasında iştirak edən şəxslər və dairələr bilməlidirlər ki, onlar bu kimi kampaniyalarla heç nəyə nail ola bilməyəcəklər. Azərbaycan xalqı, Azərbaycan vətəndaşı öz dövlətinin və Prezidentinin arxasındadır və onu bu kimi yalanlarla aldatmaq mümkün deyil. Azərbaycana qarşı aparılan hər bir kampaniya məğlubiyyətlə nəticələnməyə məhkumdur və biz bugünə qədər olduğu kimi bundan sonra da bu həqiqətə şahid olacağıq.

Seymur ƏLİYEV

Oxşar xəbərlər

↑