Xəzərin suyu duzsuzlaşdırılacaq - ADB zavod tikintisinə 140 milyon ayırdı

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda Xəzər dənizinin suyunun duzsuzlaşdırılması zavodunun tikintisi üçün 140 milyon dollar kredit ayrılmasını təsdiqləyib.
Qaynarinfo xəbər verir ki, bu barədə bankın rəsmi məlumatında bildirilib. Maliyyələşmə hər biri 70 milyon dollar olmaqla, iki tranş şəklində həyata keçiriləcək. Layihənin ümumi dəyəri isə 407 milyon dollar qiymətləndirilir.
Layihə çərçivəsində əks osmos texnologiyası əsasında işləyən duzsuzlaşdırma zavodunun layihələndirilməsi, tikintisi, maliyyələşdirilməsi, istismarı və texniki xidməti nəzərdə tutulur. Müəssisənin gündəlik istehsal gücü 300 min kubmetr olacaq. Suya tələbatın artdığı dövrlərdə bu göstəricinin 330 min kubmetrə çatdırılması mümkündür.
Zavod 25 illik dövlət-özəl tərəfdaşlığı (PPP) müqaviləsi əsasında fəaliyyət göstərəcək. Burada təmizlənən suyun hamısı dövlətə məxsus “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nə veriləcək.
Layihənin əsas məqsədi Bakı və Abşeron yarımadasında yaşayan əhalinin, eləcə də kommersiya obyektlərinin içməli su ilə təminatının keyfiyyətini və fasiləsizliyini artırmaqdır. Bu, Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması üzrə ilk irimiqyaslı müəssisə və dövlət-özəl tərəfdaşlığı mexanizmi ilə həyata keçirilən ilk layihə olacaq.
Qeyd edək ki, layihənin maliyyələşdirilməsində digər beynəlxalq maliyyə qurumları da iştirak edir. Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) da zavodun tikintisi üçün 45 milyon dollar kredit ayrılmasını təsdiqləyib.
Layihənin inkişaf etdiricisi Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətidir. Tikinti işlərinin baş podratçısı Çinin “PowerChina” qrupuna daxil olan “Huadong Engineering Corporation” (HDEC) şirkətidir. İspaniyanın “Savener” mühəndislik şirkəti isə subpodratçı qismində layihələndirmə işlərini həyata keçirir.
Layihə ADB-nin Azərbaycan üzrə 2025–2029-cu illəri əhatə edən Tərəfdaşlıq Strategiyasının prioritetləri, o cümlədən dayanıqlı və ekoloji təmiz infrastrukturun inkişafı çərçivəsində reallaşdırılır.
