Cəlil Xəllov: “Bu qələbə bütün dünyanın dövlətimizə münasibətini əsaslı şəkildə dəyişib”
“Veteran adı şərəfli olduğu qədər də məsuliyyətlidir və hər kəs bu məsuliyyəti dərk etməlidir”
Bu il 44 günlük Vətən müharibəsində erməni faşizmi üzərində əldə edilən qələbənin 5-ci ildönümüdür. Moderator.az olaraq Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovla söhbətimizdə bu əlamətdar tarixi hadisə ilə bağlı bəzi məsələləri şərh etməyə çalışdıq:
-44 günlük Vətən müharibəsində qazanılan böyük qələbə və 2023-cü ilin sentyabrın 20-də həyata keçirilən bir günlük antiterror tədbiri ilə torpaqlarımızın Ermənistan tərəfindən 30 illik işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyini tam bərpa etdi. Gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində xüsusi fəaliyyəti olan bir təşkilatın sədri kimi bu qələbələrin Azərbaycanın tarixi taleyində oynadığı rolu necə qiymətləndirirsiniz?
-44 günlük Vətən müharibəsindəki qələbə Azərbaycan xalqının və dövlətinin tarixində, onun gələcək taleyinin müəyyən edilməsində həlledici rol oynadı. Vətən müharibəsində əldə edilən qələbə sayəsində Azərbaycan sadəcə işğaldakı torpaqlarını azad etmədi. Azərbaycan həm də özünü bir dövlət və xalq olaraq növbəti dəfə tarix qarşısında təsdiq etdi. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi bu böyük qələbə ilə sübut etdi ki, ordumuz öz xalqını, dövlətinin ərazi bütövlüyünü qorumağa qadirdir.
44 günlük Vətən müharibəsindəki qələbə ilə Azərbaycan dövləti öz suverenliyini də bərpa etmiş oldu. 30 ilə yaxın müddətində erməni işğalı altında qalan ərazilərimiz üzərində dövlətimizin faktiki nəzarəti bərpa edildi.
Qələbə Azərbaycana siyasi baxımdan da böyük dividentlər qazandırdı. Hərb meydanında əldə edilən qələbə Azərbaycanın diplomatik sferadakı mövqeyini möhkəmləndirdi. Azərbaycan danışıqlar masasına qalib tərəf kimi əyləşdi. 2020-ci ilin 10 Noyabr üçtərəfli Bəyanatının timsalında Ermənistan kapitulyasiyaya bərabər sənəd imzaladı ki, bu da diplomatiyamız adına tarixi uğurdur.
Qələbə Azərbaycanın nüfuzunun beynəlxalq müstəvidə ciddi şəkildə artmasına, qlobal güclərin ona olan münasibətinin əhəmiyyətli dərəcədə dəyişilməsinə səbəb oldu.
Vətən müharibəsindəki qələbə mənəvi baxımdan da Azərbaycana böyük üstünlüklər qazandırdı. Bu qələbə milli qürur, özünəinam hissinin artmasına, xalqımızın özünün-özünə olan inamının güclənməsinə səbəb oldu. Qalib xalq, qalib dövlət imici post-müharibə dönəmindəki proseslərə daha qətiyyətlə yanaşmağımızı təmin etdi. Bir sözlə, bu qələbə xalqımızın və dövətimizin həyatında müsbət mənada yeni bir dönəmin başlanğıcı oldu.
-Bəzən yanlış olaraq rəhbərlik etdiyiniz Təşkilatının fəaliyyəti yalnız İkinci Dünya müharibəsi ilə məhdudlaşdırılır. Halbuki bu gün Təşkilatın sıralarında Əfqanıstan, hər iki Qarabağ müharibəsinin veteranları və digər kateqoriyadan olan veteranlar təmsil olunurlar. Müxtəlif kateqoriyadan olan veteranlarla işin qurulması, onların qarşılaşdıqları problemlərin həlli barədə nə deyərdiniz?
-Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından da göründüyü kimi, həm müharibə, həm də əmək və Silahlı Qüvvələr veteranlarını əhatə edir. Bu baxımdan bizim Təşkilatın fəaliyyətini yalnız İkinci Dünya müharibəsi veteranları ilə əlaqələndirmək yanlışdır. Çünki bizim Təşkilatda həm Qarabağ, həm də sovet dönəmində məhəlli müharibələrdə iştirak edən şəxslər təmsil olunur. Silahlı Qüvvələr və əmək veteranları da çoxsaylı veteranlarımızın ayrılmaz tərkib hisəsi kimi Təşkilatımızın fəaliyyətində yaxından iştirak edir.
Veteranlarla iş, bu işin günün tələbləri səviyyəsində qurulması hər zaman vacib və aktual məsələlərdən biri olub. Bu gün biz veteranlarla işimizi daha çevik və praqmatik baxımdan faydalı şəkildə qurmağa çalışırıq. Hər şeydən öncə onların arzu və istəkləri ilə maraqlanır, üzləşdikləri problemləri müəyyən edirik. Bundan sonra həmin problemlərin həlli istiqamətində konkret addımlar atır, bu problemlərin həllinə cəhd edirik. Bunun üçün ilk növbədə əlaqədar dövlət qurumları qarşısında məsələ qadlırır, həmin veteranla bu qurumları birbaşa əlaqələndirməyə çalışırıq.
Apardığımız müşahidələr göstərir ki, bir sıra problemlərin kökündə veteranların üzləşdikləri çətinliklə bağlı lazımi dövlət qurumuna müraciət etməməsi dayanır. Buna görə də biz dövlət qurumları ilə veteranlar arasında bir növ körpü rolunu oynamağa çalışır, onları əlaqələndirir və lazım gələrsə, həmin qurumlar qarşısında təkliflərlə çıxış edirik. Məqsədimiz veteranları narahat edən məsələlərin qısa zamanda həlli, onların dövlətimizin imkanlarından, sosial qayğı siyasətindən maksimum faydalanmasını təmin etməkdir.
Veteranların dövlət maraqlarımız, milli marqlarımız ətrafında səfərbər edilməsi, onlarla bu yöndə ardıcıl işin aparılması da Təşkilatımızın fəaliyyətində mühüm yer tutur. Çünki heç kimə sirr deyil ki, Vətən müharibəsindən sonra anti-Azərbaycan qüvvələrinin fəaliyyəti aktivləşib. Onlar cəmiyyətimiz daxilində aktiv iş aparmağa, müxtəlif gərginliklər yaratmağa çalışırlar. Bizim isə bir Təşkilat olaraq qarşımızda duran əsas vəzifələrdən biri bu cür süni gərginliklərin baş verməməsi üçün veteranlar və gənclər arasında aktiv iş aparmaq, onların dövlətimiz, Prezidentimiz ətrafında sıx birləşməsini təmin etməkdir.
-Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfər Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaradıb. Bununla yanaşı, ölkəmizin dünya birliyindəki mövqeyi daha da möhkəmlənib. Bu barədə fikirləriniz eşitmək maraqlı olardı.
-Təbii ki, 44 günlük Vətən müharibəsindəki qələbə Cənubi Qafqazda yeni reallıqlar yaratmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində də ölkəmizlə bağlı ciddi yeniliklərə yol açdı. 8 Noyabr zəfəri göstərdi ki, Azərbaycan sadəcə iqtisadi gücünə görə deyil, həm də hərbi gücünə görə regionun lider dövlətidir və Cənubi Qafqazın gələcək taleyi əsaslı dərəcədə Azərbaycandan, onun mövqeyindən və yürütdüyü siyasətdən asılıdır.
Bu qələbə dünyanın Azərbaycana olan baxışını da ciddi şəkildə dəyişdirdi. Bugünə qədər Azərbaycanın torpaqlarının işğal altında qalmasından istifadə edərək dövlətimizə siyasi, iqtisadi və digər müstəvilərdə təzyiq göstərməyə çalışan qlobal güclər, 8 Noyabr Zəfərindən sonra bu imkandan məhrum oldular. Onlar Azərbaycana təzyiq göstərmək üçün bugünə qədər istifadə etdikləri imkan və vasitəni birdəfəlik itirdilər.
8 Noyabr zəfəri Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu da artırdı. Vaxtiylə Azərbaycanın gücünə şübhə edən, onun daha bir neçə il məğlub statusunda qalacağını güman edən güclər, 8 Noyabr zəfəri ilə məyus oldular. Onların Azərbaycanı siyasi-psixoloji təzyiq içində saxlamaq siyasəti ortadan qalxdı. Dünya qalib Azərbaycan gerçəyi ilə barışmaq məcburiyyəti qarşısında qaldı.
-5 illiyini qeyd edəcəyimiz Zəfərin Təşkilatınızın dünya ölkələrinin veteran təşkilatları ilə əlaqələrə hansı təsirləri olub?
-Biz Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları Təşkilatı olaraq hər zaman dünya veteran təşkilatları ilə sıx əlaqələr qurmağa çalışmışıq. Çünki bu əlaqələr bizə sadəcə veteranlarla bağlı məsələlər ətrafında geniş fikir və təcrübəsi mübadiləsi aparmaqla yanaşı, həm də Azərbaycan həqiqətlərini daha geniş miqyasda təbliğ etmək imkanı qazandırır.
Biz işğal dönəmində digər veteran təşkilatlarının nümayəndələri ilə görüşlərimizdə Ermənistanın işğalçılıq siaysətindən bəhs edir, Azərbaycan həqiqətlərinin təbliğinə xüsusi diqqət göstərirdik. Bu gün isə biz qalib xalq, qalib dövlət olaraq günümüzün həqiqətlərini qürur hissi ilə, qələbə sevinci ilə təbliğ edirik.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq keçirdiyimiz görüş və tədbirlərdə 8 Noyabr zəfəri, eləcə də bu zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə dövlətimizin apardığı abadlıq işləri haqqında geniş məlumat verir, beynəlxalq birliyi bununla bağlı məlumatlandırmağa çalışırıq. Nümunə olaraq qeyd edim ki, biz 2025-ci ilin aprel ayında İkinci Dünya müahribəsində faşizm üzərindəki qələbənin 80 illiyi münasibətilə Dağıstanda keçirilən beyməlxalq Forumda da 8 Noyabr zəfərinə, Prezident İlham Əliyevin və onun rəhbərlik etdiyi Azərbaycan Silahlı Qüvvələrinin bu müharibədə göstərdiyi qəhrəmanlıqlara diqqət çəkdik. Çıxış və müsahibələrimizdə vurğuladıq ki, 8 Noyabr Zəfəri xalqımızın tarixi qəhrəmanlıq ənənəsinin davamıdır və bu qələbə bütün anti-Azərbaycan qüvvələrinə verilən tarixi mesaj, tarixi cavabdır.
-Son vaxtlar sizin keçirdiyiniz çoxsaylı tədbirlərdə də Zəfərimizin milli ruhun dirçəlməsindəki əvəzsiz rolu vurğulanır, gənclərin onlara bəslənən etibarı, inamı doğrultmalarının qüruru yaşanılır. Bütün bunlar sıralarınızın genişlənməsinə necə təsir göstərir?
-Təbii ki, bütün bunlar Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sıralarının genişlənməsinə də öz müsbət təsirini göstərir. Belə ki, təxminən son bir ildə üç mindən çox Vətən müahribəsi iştirakçısı Təşkilatımızın sıralarına qatılıb ki, bu da bizi sevindirir.
Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsində qələbənin əldə edilməsində gənclərimizin ortaya qoyduğu şücaət, milli vətənpərvərlik ruhu həlledici rol oynadı. Bu həqiqət Müzəffər Ali Baş Komandan İlham Əliyevin də çıxışlarında öz əksini tapıb. Cənab Prezident müsahibə və çıxışlarında dəfələrlə qeyd edib ki, qələbə Azərbaycan gəncliyinin gücü, qətiyyəti, vətənpərvərliyi, mili-mənəvi dəyərlərə bağlılığı sayəsində qazanılıb. Bu, Azərbaycan gəncliyinə, onun qəhrəmanlığına, vətən qarşısındakı xidmətlərinə verilən ən ali qiymətdir.
-Veteran adı şərəfli olmaqla, həm də böyük məsuliyyətdir. Gələcək fəaliyyətinizin konturlarını bu reallıq çərçivəsində necə cızardınız?
-Veteranlıq xüsusi və şərəfli status olmaqla yanaşı, həm də məsuliyyətdir. Odur ki, bu məsuliyyəti hər kəsin, hər bir veteranın dərk etməsi, bu məsuliyyətdən irəli gələn məsələlərə xüsusi həssaslıqla yanaşması vacibdir.
Veteranlar cəmiyyətimiz və gənclərimiz üçün örnəkdir. Bu baxımdan onların atdığı hər bir addım, işlətdikləri hər bir ifadə diqqət mərkəzində olur. Gənclər, yeniyetmələr veteranlara baxaraq onların davranışlarını özlərinə nümunə götürürür. Bunun üçün veteranların bu məsuliyyəti dərk etməsi, hər zaman hər bir situasiyada örnək şəxslər kimi davranması vacibdir.
Biz veteranlarla görüşlərimizdə tez-tez bu həqiqəti yada salır, onları bundan sonra da nümunəvi davranışlar sərgiləməyə çağırırıq.
Təəssüflər olsun ki, nadir hallarda da olsa, veteranlar arasında hansısa məsələ ilə bağlı aqressiv davranış sərgiləyənlər olur. Onlar öz arzu və istəklərini qeyri-hüquqi müstəvidə gerçəkləşdirməyə çalışırlar. Halbuki, Azərbaycan hüquqi dövlətdir və burada hər bir məsələ ancaq və ancaq hüquqn müstəvisində həll edilə bilər. Buna görə də hər hansı problemlə üzləşən veteranlarımızla müvafiq dövlət qurumları arasında əlaqə yaratmağa çalışır, hər bir narazılığın hüquqi müstəvidə həllinə cəhd edirik. Bu, bizim Təşkilatımızın gündəlik fəaliyyətinin bir hissəsidir. Veteranlara xidmət bizim borcumuzdur və biz hər zaman bu borca sadiqlik sərgiləməliyik. Çünki sabahkı gənclərin vəətnpərvərlik tərbiyəsinə təsir göstərən əsas amillərdən biri də bizim veteranlara münasibətimiz, onlara göstərdiyimiz qayğı və həssaslıqdır. Bu münasibət hər bir yeniyetmə, hər bir gəncə mesajdır. Onlar şahid olduqları münasibət sayəsində anlayırlar ki, vətənə xidmət müqəddəsdir və vətən qarşısında xidməti olan insana hər kəsin sonsuza qədər ehtiram göstərməsi vacibdir.
Bu gün dövlətimiz şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara yüksək diqqət və qayğı göstərir. Həm Prezident İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban Əliyeva bu istiqamətdə mühüm dövlət layihələri, geniş proqramlar həyata keçirir. Biz bir Təşkilat olaraq həm də dövlətimizin şəhid ailələri, veteranlarla bağlı həyata keçirdiyi bu nəcib dövlət proqramları haqqında cəmiyyəti məlumatlandırır, hansısa təsadüf nəticəsində bu proqramlardan yararlana bilməyən veteranlarımızın bundan faydalanmasını köməklik göstəririk.
-Cəlil müəllim, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Silahlı Qüvvələri arasında əməkdaşlıq hansı səviyyədədir?
-Bizim Azərbaycan Silahlı Qüvvələri, ayrı-ayrı qoşun növləti ilə geniş əməkdaşlığımız mövcuddur. Keçirdiyimiz əksər tədbirlərdə həm Müdafiə Nazirliyinin, həm də Dövlət Sərhəd Xidməti və DİN-nin Daxili Qoşunlarının zabit və kurstantları iştirak edir. Biz onlarla birlikdə gənclərlə görüşlər keçirir, qəhrəmanlarımızın tanıdılması, hərb tariximizin daha dolğun öyrənilməsi istiqamətində birgə fəaliyyət ortaya qoyuruq.
Hərbi hissələrdə görüş və tədbirlərin keçirilməsi, veteranların hərbi hissələrdəki şəxsi heyət qarşısındakı çıxışlarının təmin edilməsi, hərb tariximizlə bağlı əlamətdar günlərdə Təşkilatımızda birgə tədbirlərin keçirilməsi və s. də bizim Azərbaycan Silahlı Qüvvələri ilə birgə fəaliyyətimizin əsas istiqamətlərindən biridir.
İnanıram ki, yaxın gələcəkdə Təşkilatımızla Silahlı Qüvvələrimiz arasındakı əlaqələr daha da genişlənəcək, bu əməkdaşlıq daha çox gəncin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verəcək.
Seymur ƏLİYEV