Böyük alim, görkəmli türkoloq, Qərbi Azərbaycan həqiqətlərinin yorulmaz carçısı mərhum professor Həsən Mirzəyevin ölümsüz xatirəsinə ithaf olunur!
Bir alim var, ziyası işıq saçır illərə,
Cəsarəti, zəkası düşüb dildən-dillərə,
Yurd sevgisi nəğmətək yayılıbdır ellərə,
Sözü vətənin sözü, səsi vətənin səsi,
Yaşayacaq hər zaman, Həsən Mirzə zirvəsi!
“Dərələyəz” deyibən məşəl kimi yanan o,
Hər kəndi, hər kəsəyi daim yada salan o,
Dərəçiçək, Qəmərli, Əştərəki anan o,
Onu səslər vətənin Zəngəzuru, Göyçəsi,
Yaşayacaq hər zaman, Həsən Mirzə zirvəsi!
Bir ömür vətən üçün sipər etdi sinəsin,
Kitablara çevirdi gözlərinin giləsin
Faş etdi düşmənlərin qan qoxulu hiyləsin,
O, vətən fədaisi, o bir söz sərkərdəsi,
Yaşayacaq hər zaman, Həsən Mirzə zirvəsi!
Nə qədər ki, bu xalq var, xalqla birgə yaşar o,
Dəli Kürlə kükrəyər, xan Arazla daşar o,
Ölümsüz bir nəğmətək sərhədləri aşar o,
“Vətən” deyib dolaşar yer üzünü nəfəsi,
Yaşayacaq hər zaman, Həsən Mirzə zirvəsi!
Seymur ƏLİYEV