Musavat.com xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə gündəmə gətirilən Putin–Zelenski görüşünü mümkünsüz adlandırıb.
Lavrov bildirib ki, avqustun sonunadək belə bir sammitin keçirilməsi ehtimalı sıfırdır, gələcəkdə də şanslar ya çox azdır, ya da ümumiyyətlə yoxdur. Onun sözlərinə görə, “bu sammit Trampın fantaziyasından başqa bir şey deyil. O, ya Putinin mövqeyini səhv anlayıb, ya da aldadılıb”.
Rusiya XİN rəhbəri əlavə edib ki, Putinlə Zelenskinin görüşü yalnız danışıqların yekun mərhələsində, bütün əsas məsələlər razılaşdırıldıqdan sonra mümkün ola bilər. Əks halda bu cür sammit təşkil etmək məntiqsizdir.
Xatırladaq ki, Tramp və müşavirləri dəfələrlə yaxın günlərdə Putin və Zelenskinin görüşünün keçirilə biləcəyini bəyan etmiş, hətta ev sahibi ölkə kimi İsveçrə və ya Macarıstanın nəzərdən keçirildiyi vurğulanmışdı.
Lavrovun açıqlaması indiyədək aparılan hazırlıqların və gözləntilərin üzərindən xətt çəkərək, Trampın təşəbbüsünə açıq-aşkar zərbə vurub. Musavat.com -a görə bu bəyanat həm ABŞ prezidentinə ünvanlanmış aşağılayıcı mesajdır, həm də sülh danışıqları ilə bağlı illüziyaların dağıdılmasıdır.