Son vaxtlar repetitorluğun ləğvi məsələsi ictimai müzakirələrin diqqət mərkəzinə çevrilib. Mütəxəssislər hesab edirlər ki, şagirdin məktəbə davam etməklə yanaşı, əlavə olaraq, repetitor yanına getməsi təhsilin keyfiyyətinə müsbət deyil, mənfi təsir göstərir. Onların fikrincə, bu vəziyyət təhsildə yeni islahatların aparılmasının zəruriliyini ortaya qoyur.
Bəzi deputatlar “Təhsil haqqında” qanun layihəsi müzakirə edilərkən bu məsələyə toxunsalar da, hələlik Milli Məclisdə konkret qərar qəbul edilməyib.
Məsələnin həssas xarakter daşıması onu tez-tez gündəmə gətirənlər üçün ictimai diqqət toplama vasitəsinə çevrilib. Təəssüf ki, bu mövzuda alternativ yanaşmalar və real çıxış yolları hələlik təklif olunmur.
Maraqlıdır, Avropada vəziyyət necədir?
Təhlilçilərin fikrincə, Avropa ölkələrində məktəbə və universitetə qəbul prosesi daha sadədir. Orada test üsulu geniş tətbiq edilmir, abituriyentlər xüsusi hazırlıq kurslarına və ya repetitorlara ehtiyac duymadan təhsil müəssisələrinə qəbul oluna bilirlər. Bu da təhsil sisteminin daha çevik və bərabər imkanlar üzərində qurulmasından xəbər verir.
Bu baxımdan, repetitorluğun ləğvi məsələsi yalnız gündəm yaratmaqla kifayətlənməməli, real təhsil islahatları ilə dəstəklənməlidir.
Şəbnəm Rəhimova
Gununsesi.info









