ABŞ Prezidenti Donald Tramp “Mərkəzi Asiya + ABŞ” (C5+1) formatında sammit çərçivəsində region ölkələrinin liderlərini Ağ Evdə qəbul edib.
Görüşdə Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan prezidentləri iştirak ediblər.
Modern.az-ın məlumatına görə, sammit zamanı diqqətçəkən məqamlardan biri dövlət başçılarının fərqli dillərdə çıxış etməsi olub.
Qırğızıstan lideri Sadir Japarov və Tacikistan Prezidenti Emoməli Rəhmon ana dillərində danışıblar. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov isə Trampla danışıqları rus dilində aparıblar.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “C5+1” formatında yeganə lider kimi ingilis dilində çıxış edib.
Müşahidəçilərin fikrincə, Tokayevin ingilis dilindən istifadə etməsi Qazaxıstanın Qərblə əlaqələrdə artan diplomatik çevikliyini və beynəlxalq arenada “böyük oyunçu” olmaq niyyətini nümayiş etdirib.
Sammitdə əsas müzakirə mövzularının təhlükəsizlik, enerji əməkdaşlığı, nəqliyyat-logistika layihələri və region ölkələrinin iqtisadi inteqrasiyası olduğu bildirilir.
Tramp çıxışında ABŞ-ın Mərkəzi Asiya ilə tərəfdaşlığı gücləndirmək niyyətində olduğunu, regionun suverenliyi və müstəqilliyinin Vaşinqton üçün prioritet təşkil etdiyini vurğulayıb.









