ABŞ-ın investisiya fondu Carlyle Group Rusiyanın “Lukoil” şirkətinin xarici aktivlərini almağı nəzərdən keçirir. Bu barədə Gununsesi.info xarici mediaya istinadən xəbər verir.
Məlumata əsasən, fond hazırda ilkin araşdırma aparır və mümkün alış üçün ABŞ-dan xüsusi lisenziya almağı planlaşdırır. Mənbələr bildirir ki, Carlyle Lukoil-ə marağı barədə məlumat verib, lakin hələlik yekun qərar yoxdur və fond alışdan imtina edə bilər.
Xatırladaq ki, ABŞ əvvəllər Rusiya-Ukrayna müharibəsinə görə Lukoil-ə qarşı sanksiyalar tətbiq edib və şirkətin bəzi aktivlərinin İsveçrənin Gunvor şirkətinə satılmasına mane olub. Dünya neftinin 2%-ni istehsal edən Lukoil hazırda dəyəri təxminən 22 milyard dollar olan beynəlxalq aktivləri üçün alıcı axtarır.
Onu da qeyd edək ki, şirkət Avropada neft emalı zavodlarına, müxtəlif ölkələrdə yataqlara və yüzlərlə yanacaqdoldurma məntəqəsinə sahibdir.
Carlyle Group isə 474 milyard dollarlıq aktiv idarə edən dünyaca böyük maliyyə şirkətlərindəndir.









