Bakının Yasamal, Nəsimi və Nərimanov rayonlarında kirayə evlərin qiyməti durmadan artır. Mərkəzi ərazilərdə hazırda ən ucuz mənzilin aylıq kirayə qiyməti 550 manatdan başlayır.
Bunun səbəbləri barədə Tribuna.az-a açıqlama verən əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, qiymət artımları xüsusilə söküntü işləri aparılan ərazilərdə müşahidə olunur: “Yasamal, Nəsimi və Nərimanov rayonlarında qiymətlər hər zaman yüksək olub. Son vaxtlar isə bəzi ərazilərdə qiymətlərdə stabilləşmə və enmə müşahidə olunsa da, bu tendensiya sadaladığımız ərazilərə təsir göstərmir. Səbəb isə bu rayonlarda köhnə binaların söküntüsünün davam etməsidir.
Bu ərazilərdə qiymət artımı daha çox 1 və 2 otaqlı mənzillərdə müşahidə edilir. Əvvəl bu cür evlərdə qiymət 300-350 manat arasında dəyişirdisə, indi bu qiymət 500-550 manat atasında dəyişir. 2 otaqlı mənzillər arasında qiyməti 600 manat olanlar da var.
Bu bahalaşma paytaxtdakı böyük söküntü işləri ilə əlaqədardır. Artıq qiyməti ucuz olan köhnə binalar sökülür, onun yerini isə yeni tikililər əvəzləyir. Belə olduğu halda da qiymət təbii ki, qalxır. Köhnə tikilidə 300 manata olan kirayə mənzil, yeni tikilidə 500 manata təklif edilir. Yüksək qiymət əsasən söküntünün aparıldığı ərazilərdə müşahidə edilir ki, bu proses də bir müddət davam edəcək.
Ümumiyyətlə, mənzil bazarında satış qiymətləri yüksəldikcə kirayə qiymətləri də qalxacaq”.









