Ukraynanın Təhlükəsizlik Xidməti (SBU) Xəzər dənizində Rusiya Federasiyasına məxsus neft infrastrukturuna ilk dəfə zərbə endirib.
Modern.az xəbər verir ki, Ukrayna mediasına danışan mənbələrin məlumatına görə, uzaqmənzilli dronlar “LUKOIL-Nijnevoljskneft” şirkətinə məxsus “Filanovski” yatağındakı neft hasilatı platformasını vurub.
Mənbələr bildirir ki, platformaya ən azı dörd zərbə endirilib. Hücum nəticəsində platformanın xidmət etdiyi 20-dən çox quyudan neft və qaz hasilatı tam dayanıb.
Ukrayna KİV-lərinin yazdığına görə, “Filanovski” Rusiyanın Xəzər sektorunda ən iri kəşf edilmiş yataqlardan biridir. Onun ehtiyatları 129 milyon ton neft və 30 milyard kubmetr qaz həcmində qiymətləndirilir. Platformadan çıxarılan məhsul əsasən Xəzər Boru Kəməri Konsorsumu vasitəsilə ixraca yönləndirilirdi.
“Xüsusi xidmət orqanı Rusiya neft-qaz sektoruna qarşı əməliyyatları genişləndirməyə davam edir. Xəzər dənizindəki hücum Rusiyaya bir daha göstərir ki, müharibəyə işləyən bütün obyektlər, harada yerləşməsindən asılı olmayaraq, legitim hədəflərdir”, – mənbələr bildirib.
Hadisə barədə rəsmi Moskva tərəfindən hələlik açıqlama verilməyib.









