Rusiya ordusu Qərbdə hazırlanmış bölmələr də daxil olmaqla, Ukrayna Silahlı Qüvvələrinin elit hissələrini sıradan çıxarır. Musavat.com xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin kollegiya iclasında çıxışı zamanı bəyan edib.
Putinin sözlərinə görə, Rusiya ordusu hücum tempini, o cümlədən strateji əhəmiyyətli istiqamətlərdə daha da artırmaq imkanına malikdir. O bildirib ki, “Burevestnik” və “Poseydon” silah sistemləri Rusiyanın təhlükəsizliyini qarşıdakı onilliklər ərzində təmin edəcək.
Rusiya lideri qeyd edib ki, bu il Rusiya Hərbi Dəniz Qüvvələrinin tərkibi yeni sualtı qayıqlar, eləcə də 19 ədəd yerüstü döyüş və yardımçı gəmi ilə genişləndirilib. Onun fikrincə, Kiyevin arxasında NATO-ya üzv ölkələrin ciddi hərbi-siyasi potensialı dayanır və bu dövlətlər Ukraynaya fasiləsiz dəstək göstərirlər.
Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin imkanları davamlı şəkildə artırılır və müasir silahlarla təchizat genişləndirilir. O, həmçinin “Oreşnik” kompleksinin ilin sonunadək döyüş növbətçiliyinə veriləcəyini açıqlayıb.
Rusiya prezidentinin sözlərinə görə, Rusiyanın Avropaya hücum edəcəyi ilə bağlı yayılan fikirlər yalan və əsassızdır. O bildirib ki, Avropadakı bir sıra siyasətçilər Rusiya ilə qaçılmaz toqquşma qorxusunu süni şəkildə formalaşdırmağa çalışırlar.
Onun sözlərinə görə, əsas prioritetlərdən biri nüvə silahları və digər strateji vasitələrin təkmilləşdirilməsidir. Rusiya lideri əlavə edib ki, əgər Kiyev danışıqlardan imtina edərsə, Rusiya məqsədinə hərbi yolla nail olacaq.









