Adəm İsmayıl Bakuvi: “Hərbi güc və məsuliyyətli yanaşma Azərbaycanın beynəlxalq nüfuzunu artırır”
Prezident İlham Əliyev yeni ilin ilk müsahibəsini yanvarın 5-də yerli televiziya kanallarına verib. Dövlət başçısının bu müsahibəsində verdiyi bir çox önəmli mesajlar həm ölkə, həm də beynəlxalq ictimaiyyətin gündəminə çevrilib. Cənab Prezident ölkəmizin həyatına dair ən aparıcı mövzulara dair çoxsaylı sualların hər birini cavablandırıb. Müsahibənin aparıcı xətlərindən birini də Azərbaycanın hərbi qüdrəti və müdafiə potensialının gücləndirilməsi təşkil edib.
“Prezident İlham Əliyevin son müsahibəsində hərbi təhlükəsizlik və müdafiə sənayesi ilə bağlı səsləndirdiyi fikirlər müasir dünya reallıqları fonunda Azərbaycanın seçdiyi strateji xəttin nə qədər düşünülmüş və məqsədyönlü olduğunu bir daha nümayiş etdirir”. Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi müsahibəni şərh edərkən belə bildirib. Onun fikrincə, dövlət başçısı açıq şəkildə vurğulayıb ki, bu gün beynəlxalq münasibətlər sistemində güc amili əsas rol oynayır və hər bir ölkə ilk növbədə öz təhlükəsizliyini təmin etməlidir.
Partiya sədri, həmçinin müdafiə sənayesində özəl sektorun rolunun artırılması yanaşmasını strateji baxımdan yüksək qiymətləndirib: “Artıq 7 özəl şirkətin hərbi təyinatlı məhsul istehsalına başlaması və bu sahəyə böyük həcmdə özəl sərmayənin cəlb olunması dövlətin təhlükəsizlik siyasətinin dayanıqlı əsaslar üzərində qurulduğunu göstərir. Dövlət–özəl tərəfdaşlığı modeli müdafiə sənayesində çevikliyi artırır, innovasiyalara yol açır və uzunmüddətli perspektivdə ölkənin hərbi imkanlarını daha da gücləndirir”.
Adəm İsmayıl Bakuvi Prezidentin keçən il 1,4 milyard manatlıq hərbi təyinatlı məhsul istehsalını və bu məhsulların 20-yə yaxın ölkəyə ixracını qeyd etməsini xüsusi vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan artıq bu sahədə təkcə idxaldan asılılığı azaldan ölkə deyil, regional və qlobal bazara çıxan istehsalçı dövlətə çevrilib. Müdafiə sənayesinin gəlir gətirən sahə kimi formalaşdırılması iqtisadi təhlükəsizliyin də mühüm tərkib hissəsidir və bu, Prezidentin strateji baxışının nəticəsidir.
Vəhdət Partiyasının sədri müsahibədə dünyanın aparıcı müdafiə sənayesi şirkətləri ilə birgə müəssisələrin yaradılması barədə səsləndirdiyi fikirləri də yüksək qiymətləndirib. Vurğulayıb ki, bu əməkdaşlıq təkcə texnologiya transferi deyil, eyni zamanda yerli kadr potensialının formalaşdırılması və milli müdafiə sənayesinin keyfiyyətcə yeni mərhələyə keçidi deməkdir.
Qeyd edək ki, Prezident İlham Əliyevin müsahibəsində diqqət çəkən məqamlardan biri də Azərbaycanın türk dövlətləri ilə birlikdə hərbi təlimlər keçirməsi təşəbbüsüdür. Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi hesab edir ki, Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşündə irəli sürülən bu təşəbbüs yalnız hərbi hazırlığın gücləndirilməsi deyil, həm də regional və qlobal səviyyədə strateji siqnaldır. Onun sözlərinə görə, birgə hərbi təlimlər üzv dövlətlərin siyasi həmrəyliyini nümayiş etdirir, qarşılıqlı etimad və müttəfiqlik prinsiplərini möhkəmləndirir.
Vəhdət sədri bildirib ki, bu təlimlər həm də dünyaya açıq mesajdır: türk dövlətləri təhlükəsizlik məsələlərində bir-birinə arxa duran, birliyini qoruyan və regional sabitliyin təmin edilməsinə töhfə verən güclü blok olaraq çıxış edir. Bu təlimlər taktiki və əməliyyat hazırlığını artırır, üzv ölkələr arasında koordinasiyanı və fövqəladə hallarda birgə cavabvermə qabiliyyətini gücləndirir. Adəm İsmayıl Bakuvi vurğulayıb ki, əməkdaşlıq heç bir ölkəyə qarşı yönəlməyib, əksinə, türk dövlətləri arasında qarşılıqlı dəstəyin simvolu olmaqla regional sabitliyi təmin edir və beynəlxalq hüquq prinsiplərinə hörmət çərçivəsində hərəkət edir. Onun fikrincə, bu təşəbbüs türk dünyasında birliyin möhkəmləndirilməsi və qarşılıqlı məsuliyyət anlayışının tətbiqi baxımından nümunəvidir və Azərbaycanın milli təhlükəsizlik siyasətinin strateji üstünlüklərini beynəlxalq aləmə göstərir.
Cənab Prezidentin müharibədən sonrakı dövrdə gücdən istifadə etməmək, məsuliyyətli və humanist mövqe nümayiş etdirmək barədə səsləndirdiyi fikirləri şərh edən Adəm İsmayıl Bakuvi bildirib ki, Azərbaycan güclü olduğu halda belə ədalətsiz addımlardan çəkinib: “Bu yanaşma ölkənin həm hərbi, həm siyasi, həm də mənəvi üstünlüyünü ortaya qoyur, beynəlxalq nüfuzunu daha da artırır. Prezident İlham Əliyevin müsahibəsində səsləndirilən hərbi-strateji tezislər Azərbaycanın təhlükəsizlik siyasətinin əsas fəlsəfəsini açıq şəkildə ortaya qoyur”. Vəhdət Partiyasının sədri əminliklə bildirir ki, qeyd edilən siyasət gücə söykənsə də, gücü yalnız ədalət, məsuliyyət və milli maraqlar çərçivəsində tətbiq etməyi əsas prinsip kimi qəbul edir. Bütün bunlar isə bir daha sübut edir ki, Azərbaycan bugünkü mürəkkəb və təhlükəli dünya nizamında öz təhlükəsizliyini təmin edən, müttəfiqlik əlaqələrini gücləndirən və regional sabitliyə töhfə verən güclü dövlətdir.









