Səbail Rayon Məhkəməsində 2015-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyevin həyat yoldaşı Aybəniz Şıxəliyevanın tərəf olduğu iddia üzrə baxılır.
Zərərçəkmiş məhkəməyə müraciət edərək göstərilən əmlakların Mövlam Şıxəliyevə məxsus olduğunu və həmin əmlaklar üzərində onun bütöv mülkiyyət hüququnun tanınmasını tələb edir.
Söhbət aşağıdakı əmlaklardan gedir:
“BMW M6” markalı, 90-MY-900 dövlət qeydiyyat nişanlı avtomobil; Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən əmlak kompleksi; Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, 7 saylı binada yerləşən 35, 36 və 40 nömrəli mənzillər; Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 39A ünvanında yerləşən daşınmaz əmlakın 1/2 hissəsi.
Məhkəmə ilkin mərhələdə iddianı icraata qəbul edib. Lakin iş bununla yekunlaşmayıb.
“Bağışlama” pərdəsi altında gizlədilən mülklər?
İddia ərizəsinə verilmiş son dəqiqləşməyə əsasən, tərəf yalnız mülkiyyət hüququnun tanınmasını deyil, həm də 2018-ci ildə bağlanmış iki bağışlama müqaviləsinin və 2022-ci ildə bağlanmış “müqavilənin ləğvi” sənədinin etibarsız hesab edilməsini istəyir. Belə ki, 22 dekabr 2018-ci il tarixdə Ağabala Mirbəkir oğlu Şıxıyev tərəfindən Aybəniz Qinyaz qızı Şıxəliyevaya bağışlanmış mənzillərlə bağlı müqavilə;
20 dekabr 2018-ci il tarixdə Məlahət Qinyaz qızı Fərzəliyeva tərəfindən Aybəniz Qinyaz qızı Şıxəliyevaya bağışlanmış əmlakla bağlı müqavilə; 21 iyul 2022-ci il tarixdə tərəflər arasında bağlanmış “müqavilənin ləğvi” sənədi.
İddiaçı tərəf bütün bu hüquqi əməliyyatların etibarsız hesab edilməsini tələb edir.
Maraqlıdır ki, ilkin iddiadan fərqli olaraq, son dəqiqləşmədə bağışlama müqavilələrinin digər tərəflərinin də cavabdeh qismində işə cəlb olunması xahiş edilir. Bu isə işin həm hüquqi, həm də faktoloji baxımdan daha mürəkkəb xarakter aldığını göstərir.
Əgər məhkəmə bağışlama müqavilələrini etibarsız hesab edərsə, həmin müqavilələr əsasında yaranmış mülkiyyət hüquqları hüquqi qüvvəsini itirə bilər. Bu isə əmlakların əvvəlki hüquqi vəziyyətinə qaytarılması məsələsini gündəmə gətirəcək. Yəni əmlaklar tam olaraq Mövlam Şıxəliyevin sahibliyinə qaytarıla və nəticə etibarilə müsadirə edilərək hərrac yolu ilə satıla, əldə olunan vəsait isə zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsinə yönəldilə bilər.
20 milyonluq ittiham və ailə imperiyası
Xatırladaq ki, Mövlam Şıxəliyev, eləcə də MTN-in İstintaq İdarəsinin şöbə rəisləri Vüsal Əliyev, Yasin Məmmədov və Sahib Ələkbərov 2021-ci ildə həbs olunublar. Onlara qarşı irəli sürülən ittihamlardan biri mütəşəkkil cinayətkar dəstə yaratmaqla iş adamlarına və sahibkarlara qarşı cinayət əməlləri törətmək olub.
İstintaqın qənaətinə görə, general Şıxəliyevin rəhbərlik etdiyi mütəşəkkil cinayətkar quldur dəstədə 3 polkovnik rütbəli şöbə rəisi fəaliyyət göstərib. Onlar dövlətin gücündən istifadə etməklə 36 Azərbaycan vətəndaşından ümumilikdə 20 milyon manata yaxın rüşvət və əmlak əldə ediblər.

Mülk kimindir – adı üstündə olanın, yoxsa pulu verənin?
Mövlam Şıxəliyevin həbsindən sonra onun və ailə üzvlərinin əmlakları üzərinə həbs qoyulmuşdu. Zərərçəkənlər əmlakların alınması üçün sərf olunan vəsaitləri Mövlam Şıxəliyevin cinayət yolu ilə əldə etdiyini, həmin vəsaitləri leqallaşdırmaq və iz azdırmaq üçün əmlakları ailə üzvlərinin adına rəsmiləşdirildiyini iddia edirlər.
Mövlam Şıxəliyevin adına olan əmlaklar

Səbail rayonu, Nizami küçəsi, ev 78 ünvanında yerləşən qeyri-yaşayış sahəsi – 482 min manat;
Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 39 ünvanında yerləşən 198,1 kv.m sahəsi olan daşınmaz əmlak – 770 min 609 manat;
Səbail rayonu, Bülbül prospekti, ev 7 ünvanında yerləşən 35 kv.m sahəsi olan zirzəmi – 35 min 500 manat;
Nizami rayonu, Qara Qarayev prospekti, 39A ünvanında yerləşən daşınmaz əmlak – 974 min 600 manat;
Nəsimi rayonu, Nizami küçəsi, ev 78, mənzil 6 ünvanında yerləşən daşınmaz əmlak – 214 min manat;
Binəqədi rayonu, 7-ci mikrorayon, ev 9/25, mənzil 63 ünvanında yerləşən daşınmaz əmlak – 31 min 500 manat;
Binəqədi rayonu, Goradil kəndi, 690A ünvanında yerləşən daşınmaz əmlak – 39 min 528 manat.
Aybəniz Şıxəliyevanın adına olan əmlaklar
Ağdaş şəhəri, 20 Yanvar küçəsi, ev 7A ünvanında yerləşən daşınmaz əmlak – 26 min 240 manat;
Ağdaş şəhəri, H. Hacıyev küçəsi, ev 26 ünvanında yerləşən 197 kv.m sahəsi olan əmlak – 17 min manat;
Binəqədi rayonu, Novxanı kəndi, 686K ünvanında yerləşən daşınmaz əmlak – 37 min 600 manat;
Nəsimi rayonu, Nizami küçəsi, ev 93, mənzil 21 ünvanında yerləşən daşınmaz əmlak – 400 min manat;
Nərimanov rayonu, M. Əlizadə küçəsi, ev 134A ünvanında yerləşən 403,3 kv.m sahəsi olan daşınmaz əmlak – 1 milyon 452 min manat;
Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 10 ünvanında yerləşən 137,7 kv.m sahəsi olan daşınmaz əmlak – 535 min 653 manat;
Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 40 ünvanında yerləşən 137,7 kv.m sahəsi olan daşınmaz əmlak – 738 min 711 manat.
Digər ailə üzvlərinin adına olan əmlaklar
Qızı Samirə Əliyevanın adına:
Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 72 – 167,3 kv.m, 650 min 719 manat;
Binəqədi rayonu, Novxanı kəndi, 686 ünvanı – 214,3 kv.m, 257 min 172 manat;
Binəqədi rayonu, Novxanı kəndi, 685V ünvanı – 1087,7 kv.m, 1 milyon 305 min 240 manat.
Oğlu Elgün Şıxəliyevin adına:

Səbail rayonu, Nizami küçəsi, ev 96, mənzil 37 – 360 min manat;
Səbail rayonu, Bülbül prospekti, ev 7 ünvanında yerləşən daşınmaz əmlak – 714 min 985 manat.
Bakı Hərbi Məhkəməsində Mövlam Şıxəliyev və digər 3 MTN polkovnikinin cinayət işi üzrə keçirilən prosesdə Aybəniz Şıxəliyevanın adı dəfələrlə hallanıb. Zərərçəkənlər Aybəniz Şıxəliyevanın və ailə üzvlərinin – oğlu Elgün Şıxəliyevin, qızı Samirə Əliyevanın də istintaqa cəlb olunmalarını tələb ediblər.
Tələblərini belə əsaslandırıblar ki, Mövlam Şıxəliyev cinayət yolu ilə əldə olunan əmlakların böyük bir hissəsini həyat yoldaşı Aybəniz Şıxəliyevanın, oğlu Elgün Şıxəliyevin və qızı Samirə Əliyevanın adına rəsmiləşdirməklə leqallaşdırıb.
Zərərçəkənlərdən Hüseyn Səfərov “Yeni Müsavat”a deyib ki, Mövlam Şıxəliyevin həyat yoldaşından ayrılması müsadirə olunacaq əmlakları xilas etməyə hesablanmış addımdır: “Bir çoxları kimi, deyəsən, Mövlam Şıxəliyev də bilmir ki, onun həyat yoldaşından ayrılması üzərinə həbs qoyulan əmlakları müsadirədən xilas etməyəcək. Çünki Mövlam Şıxəliyev istintaqa cəlb ediləndən dərhal sonra onun və ailə üzvlərinin adına rəsmiləşdirilən bütün əmlaklar üzərinə həbs qoyulub. Mövlam Şıxəliyevlə Aybəniz Şıxəliyevanın boşanması isə bundan sonraya təsadüf edir. Yəni Mövlam Şıxəliyev həyat yoldaşı ilə əmlaklara görə əbəs yerə boşanıb”.
Hüseyn Səfərov bildirib ki, Bakı Apelyasiya Məhkəməsinə təqdim etdikləri şikayətlərində Mövlam Şıxəliyevin üzərinə həbs qoyulmuş bütün əmlaklarının müsadirə edilməsini, onun ailə üzvlərinin də istintaqa cəlb olunmalarını tələb ediblər: “İbtidai istintaq dövründə Mövlam Şıxəliyevin 23 əmlakının üzərinə həbs qoyulub. Bakı Hərbi Məhkəməsi həmin mülklərin 7-sini heç bir əsas olmadan Mövlam Şıxəliyevin özünə qaytardı. Bundan başqa məhkəmə üzərində həbs olan 16 mülkdən səkkizinin 12-nin yenə də heç bir əsas olmadan Mövlam Şıxəliyevin özünə qaytarılması barədə qərar qəbul etdi. Yerdə qalan 12 mülkün satılması və zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsinə qərar verilib. İşdə 36 zərərçəkən, 20 milyon manat zərər var. Mövlam Şıxəliyeviin ümumilikdə 23 mülkü satılsa da, yenə də biz zərərçəkmişlərə dəymiş ziyanın tam ödənilməsi mümkün deyil. Çünki zərərçəkmişlərə dəymiş ziyanın həcmi müsadirəyə götürülmüş 23 mülkün mövcud qiymətləndirmə ilə dəyərindən daha çoxdur. Bu səbəbdən Mövlam Şıxəliyevə məxsus bütün əmlakların müsadirə olunmasını, doğru-dürüst qiymətləndirilməsini tələb edirik. Mən 76 gün MTN-də girov saxlanılmışam. 76 gün ərzində ailəm, oğlum, qızlarım zülm-zillət içində olublar. Bu gün də mən onun arvadı Aybənizin, qızı Samirənin və oğlu Elgünün həbsini tələb edirəm. Onun arvadı Aybəniz Şıxəliyeva, 36 yaşlı qızı Samirə Əliyeva və 38 yaşlı oğlu Elgün Şıxəliyev də istintaqa cəlb olunmalıdırlar. Cinayət Məcəlləsində Mövlam Şıxəliyevin arvadı Aybənizin, qızı Samirənin, oğlu Elgünün həbsi üçün 2 maddə var. Cinayət Məcəlləsinin 193-1. maddəsi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlaki leqallaşdirma adlanır. Arvadı da, qızı da, oğlu da Mövlam Şıxəliyevin evinə apardığı torba-torba pulların, qızılların mənbəyini bilib. Gəlin görək, MTN-in İstintaq İdarəsində rəis işləyən biri maaşla milyonluq mülklər ala bilərdi? Haradandır torbalarla pullar, qızıllar? Arvadı Aybəniz bu gün milyonçudur. 10 milyonlarla ölçülən varidatın sahibidir. Onun sahibi olduğu əmlakları adına əri Mövlam Şıxəliyev iz azdırmaq üçün keçirib. İndi də formal olaraq boşanıblar, düşünürlər ki, bu cür gülünc üsullarla istintaqı və məhkəməni aldada biləcəklər.
Aybəniz Qinyaz qızı Şıxəliyeva 1961-ci ildəndir. Ağdaşdandır. Öyrənmişik ki, Aybənizin atası Qinyaz kasıb biri olub. Ortabab dolanıb. Aybənizin babası, Qinyazın atası da milyonçu olmayıb. Aybəniz Şıxəliyeva isə milyonçudur. Milyoner Aybənizin varidatının mənbəyi gizli deyil, ortadadır. Bu pulların mənbəyi Azərbaycan sahibkarlarının cibidir. Ağdaşlı Aybənizi milyonerə çevirən mənim kimi qanunsuz həbs edilən, girov saxlanılan iş adamlarıdır.
Cinayət Məcəlləsinin 194-cü maddəsi isə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə adlanır. Bu nə deməkdir? Mövlam Şıxəliyev günahı pul qazanmaq olan sahibkarları MTN-ə gətirdib və qanunsuz olaraq həbsə almaqla əllərindən pullarını alıb. Həmin pulları, həmin pullar hesabına əldə etdiyi varidatı arvadı Aybənizin, qızı Samirənin, oğlu Elgünün adına dövr etdirib. Mövlam Şıxəliyev cinayət yolu ilə əldə etdiyi əmlaklara ailə üzvlərini də şərik etməklə onları da cinayətkara çevirib. Azərbaycanda Mövlam Şıxəliyevin soyğununa məruz qalan şəxslərdən biri də mən olmuşam. Təsəvvür edin ki, çağırıb deyiblər ki, pul ver. Mən də heç bir cinayətim olmadığını demişəm, pul verməkdən imtina etmişəm. 2 ay yarım məni həbsdə saxlayıb evimi, oğlumun maşınını, qızlarımın, həyat yoldaşımın qızıl-zinət əşyalarını satdırıb pulunu alıblar. Bundan sonra məni qanunsuz həbsdən azad etsələr də, yenə də əl çəkməyiblər. Mövlam Şıxəliyev tipik dələduzdur. Hər dəfə bir şey fikirləşib məndən pul qoparırdı. Gah deyirdi ki, ad günümdür, mənə kostyum al. Gah deyirdi rütbə almışam, pul ver. Mənim kimi yüzlərlə iş adamı, sahibkarlar olub ki, şərləyib qanunsuz həbs ediblər, girov saxlayıblar, pul alıb buraxıblar. Amma əl çəkməyiblər. Onun qızı Samirə Əliyev Sumqayıtda musiqi məktəbində işləyib. Musiqi məktəbində işləyən müəllimənin 5-10 milyonluq əmlakı haradandır? Arvadı 2-ci qrup əlildir. Dövlətdən ayda 220 manat təqaüd alır. Haradandır adına olan 5-10 milyonluq əmlak? Oğlunun adına da milyonluq əmlaklar var. Mövlam Şıxəliyevin özü kimi ailəsi də bizə qarşı cinayətlərdə iştirak etdiklərinə görə həbsə alınmalıdırlar!”








