Səmyar Abdullayev: “Azərbaycanın beynəlxalq əməkdaşlıq məkanına çevrilməsi bütün regionun inkişafı üçün geniş imkanlar açır”
Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakı, bu konfrans zamanı keçirdiyi görüşlər, verdiyi müsahibə və səsləndirdiyi bəyanatlar bütün dünyada böyük marağa səbəb olub.
Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin prezidenti Səmyar Abdullayevlə müsahibəmizdə dövlət başçısının bu konfransdakı iştirakı ilə yanaşı, digər məqamlar haqqında da söhbət etdik:
-Səmyar bəy, Prezident İlham Əliyev cari ilin 13 fevral tarixində Münxen Təhlükəsizlik Konfransında iştirak etdi, medianın suallarını cavablandırdı, bir sıra ciddi bəyanatlar verdi. Bilmək istərdik ki, bu konfrans və dövlət başçımızın məlum konfrans əsnasında keçirdiyi görüşləri Azərbaycanın maraqları baxımından necə dəyərləndirirsiniz?
-Şübhəsiz ki, Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakı mühüm hadisədir və bu, bir neçə aspektdən şərh edilməlidir.
Hər şeydən öncə qeyd edək ki, Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidentinin verdiyi bəyanatlar, səsləndirdiyi fikirlər dövlətimizin sülh və təhlükəsizliyə bir nömrəli prioritet məsələ kimi yanaşdığını göstərdi. İlham Əliyevin verdiyi bəyanatlar sübut etdi ki, dövlətimiz bütün dünyada sülhün bərqərar edilməsini vacib hesab edir və bu mənada Cənubi Qafqazda uzunmüddətli və etibarlı sülhün formalaşması mühüm əhəmiyyətə malikdir.
Münxen Təhlükəsizlik Konfransda Azərbaycan Cənubi Qafqazda inşa etdiyi sülh və təhlükəsizlik arxitekturasını bütün dünyaya nümayiş etdirdi və sübut etdi ki, yalnız dialoq və birgə əməkdaşlıq sayəsində müharibə və münaqişələrdən uzaq beynəlxalq sülh modelinin yaranması təmin edə bilər.
Dövlət başçısı konfrans zamanı verdiyi müsahibələrdə ötən ilin 8 avqust tarixində Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanmasına da toxundu və bildirdi ki, dövlətimiz sona qədər sülh siaysətini dəstəkləməkdə qərarlıdır.
Bir sözlə, hesab edirəm ki, Münxen Təhlükəsizlik Konfransı Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərinin bir daha aydın şəkildə dünyanın diqqətinə çatdırılması baxımından son dərəcə əhəmiyyətli oldu. Bu konfrans həm də Azərbaycanın təhlükəsizik sahəsində artan rolunu üzə çıxardı.
-Prezident İlham Əliyev mediaya verdiyi müsahibəsində vurğuladı ki, sülh üçün əsas addım Vaşiqntonda atılıb və sülh mətninin imzalanması Ermənistan konstitusiyasındakı dəyişiklikdən asılıdır. Sizcə bu açıqlamadan sonra demək olarmı ki, artıq sülh və onun sonrakı taleyinə görə məsuliyyət Ermənistanın üzərinə düşür?
-Şübhəsiz.
Prezident İlham Əliyevin də açıqlamalarında yer aldığı kimi, Azərbaycan sülh üçün üzərinə düşən bütün addımları atıb və məhz dövlətimizin səyi nəticəsində 8 avqust 2025-ci il tarixində ABŞ-ın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanması mümkün olub. Lakin sülh prosesinin daha da irəli getməsi, sülh müqaviləsinin imzalanması üçün Ermənistanın öz konsitusiyasıdna zəruri dəyişikliklər etməsi vacibdir. Çünki bu gün də Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları mövcuddur ki, bu da sülhün gələcəyini şübhə altına atır. Azərbaycan isə müvəqqəti deyil, uzunmüddətli sülh arzulayır. Hansı ki, bu sülh bütün region dövlətlərinin maraqlarına cavab verir.
Bu səbəbdən də Münxendə jurnalistlərin suallarını cavablandıran İlham Əliyev bəyan etdi ki, Ermənistan konstitusiyasındakı ərzi iddialarının ortadan qaldırılması vacibdir. Bu, sülh yolunda yeganə ciddi maneədir və bundan dərhal sonra sülh müqaviləsini imzalamaq mümkündür.
Bu mənada, sülhün bundan sonrakı taleyi ilə bağlı məsuliyyət, heç şübhəsiz ki, Ermənistanın üzərinə düşür. Ermənistan konstitusiyasında zəruri dəyişiklikləri nə qədər tez etsə, sülh müqaviləsi də bir o qədər tez imzalanar. Bu isə regionun tərəqqisi baxımından vacibdir.
-Səmyar bəy, Prezident İlham Əliyev fevralın 13-də “France 24” telekanalına da müsahibə verdi və müsahibəsində Bakıda məhkəmə hökmü ilə uzunmüddətli həbs cəzasına məhkum edilən erməni separatçılarının əfv edilməyəcəyini vurğuladı. Sizcə dövlət başçısının bu açıqlaması Azərbaycan dövlətinin cinayətkarlara, uşaq qatillərinə qarşı prinsipial mövqeyi kimi dəyərləndirilə bilərmi?
-Əlbəttə.
Cənab Prezident məlum müsahibədə jurnalistin israrlı suallarına qətiyyətlə cavab verdi və bildirdi ki, separatçılara münasibətdə heç vaxt heç bir bağışlamadan söhbət gedə bilməz. Dövlət başçısı qeyd etdi ki, onlar alman faşistlərindən daha ağır cinayətlər törədiblər və buna görə də Nürnberq məhkəməsi onları bağışlamadığı kimi, Azərbaycan da bağışlamayacaq.
Prezident İlham Əliyevin erməni separatçıları ilə bağlı açıqlamasında diqqət çəkən məqmlardan biri də dövlət başçısının erməni cəlladlarının törətdikləri cinayətləri bir kəs daha – özü də ermənipərəst Fransa dövlətinə bağlı “France 24” telekanalında ifşa etməsi oldu. Azərbaycan Prezidenti dəmir arqumenti ilə sübut etdi ki, onları bağışlamaq sadəcə olaraq mümkün deyil. Çünki onlar bağışlanmaq üçün ən kiçik imkan, ən kiçik ümid yeri belə qoymayıblar. Buna görə də məhkəmənin bu şəxslər haqqında verdiyi hökmlər tam ədalətlidir və bu digərlərinə də görk olmalıdır.
-Cari ilin 10 fevral tarixində ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens də ölkəmizə səfər etdi və səfər əsnasında iki dövlət arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalandı. Mümkünsə bu səfər və eləcə də Strateji Tərəfdaşlıq Xartiyası ilə bağlı fikirlərinizi bilmək istərdik.
-Dünyanın bir nömrəli supergücü olan ABŞ-ın Vitse-prezidentinin ölkəmizə səfər etməsi heç şübhəsiz Ağ Evin Azərbaycana, dövlətimizin Cənubi Qafqazdaki lider mövqeynə verdiyi önəmi əks etdirir. Bu səfər sübut edir ki, ABŞ Azərbaycanla əməkdaşlıqda maraqlıdır və bu əməkdaşlığa xüsusi önəm verir. Bunun səbəbi sadəcə dövlətimizin regonal güc olması ilə bağlı deyil. Bunun səbəbi həm də Azərbaycanın qlobal enerji təhlükəsizliyində mühüm rol oynaması və bu rolu dinamik şəkildə artırmasıdır.
Səfər zamanı ABŞ-la Azərbaycan arasında Strateji Tərəfdsaşlıq Xartiyası imzalandı ki, bu da mühüm siyasi əhəmiyyətə malikdir. Bu sənəd iki dövlət arasındakı münasibətlərin strateji səviyyəyə yüksəldiyini, sürətlə inkişaf etdiyini göstərir. Bu, həm də regional təhlükəsizliyin təminində ABŞ-ın Azərbaycanın aparıcı gücünə verdiyi önəmi əks etdirir.
Strateji Tərəfdaşlıq Xartiyasında iki dövlət arasında bir çox sahələrdə, xüsusilə də təhlükəsizlik sahəsində geniş əməkdaşlığı nəzərdə tutulur ki, bu da dövlətimizin, Prezidentimizin strateji uğurudur.
Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycana imkan verəcək ki, regional təhlükəsizliyin etibarlı təminatına daha çox töhfə versin və bu məsələdə tərəfdaş kimi ABŞ-ın imkanlarından da faydalansın. Bu baxımdan Vensin Azərbaycana səfərini və iki dövlət arasında imzalanan Strateji Tərəfdaşlıq Xartiyasını tarixi hadisə hesab edir, hər mənada yüksək qiymətləndirirəm.
-Sizcə dövlətimizin yürütdüyü sülh və təhlükəsizlik siyasəti Azərbaycan və region xalqlarının rifahına, real sosial durumuna necə təsir göstərəcək?
-Şübhə yoxdur ki, Prezident İlham Əliyevin liderliyi altında Azərbaycanın yürütdüyü sülh və təhlükəsizlik siaysəti regionun tərəqqisi üçün geniş imkanlar açmaqdadır. Təsadüfi deyil ki, Prezident İham Əliyev bəyan etdi ki, Azərbaycan daim sülh və əməkdaşlıq ölkəsi olacaq. Bu isə o deməkdir ki, Azərbaycan və regionun tərəqqisi üçün daha geniş perspektiv açılacaq ki, bu da tərəqqi üçün əsas şərtdir.
Sülh və təhlükəsizlik mühiti xalqın, eləcə də həssas kateqoriydan olan insanlarımızın sosial rifahının daha da yaxşılaşmasına təkan verəcək, ölkə iqtisadiyyatının inkişafını sürətləndirəcək.
Mən müqəddəs sülh missiyasında dövlətimizə, Prezidentimizə uğurlar arzulayır, müvəffəqiqyyətlər diləyirəm.
Seymur ƏLİYEV









