Azərbaycanda icra strukturularında və büdcədən maliyyələşən digər dövlət qurumlarında ixtisarlarlar aparılır. “AzPolitika” bildirir ki, Maliyyə Nazirliyinin apardığı təftişdən sonra çox sayda “ölü ştatlar” müəyyən edilib, habelə lazımsız hesab olunan maaşlı qurumların siyahısı müəyyənləşdrilib.
Bu sırda rayon icra hakimiyyətləri, ona tabe olan yerli icra nümayəndəlikləri, həmçinin bir sıra agentlik, komitə və nazirliklərin strukturunda yer tutan ştatlara vakansiya elanları dayandırılıb. Yəni bir neçə aydır ki, boşalan vəzifələrə yenidən vakansiya elan edilmir, onlar dövlət qurumlarının ştat cədvəlindən çıxarılır.
Xatırladaq ki, ötən il 2020-2021-ci illərdə pademiyanın yaratdığı zərurətdən dolayı əhalinin məşğulluğu üçün yaradılan iş yerlərinin ləğvi mərhələli şəkildə başa çatdırılıb. Belə ki, kommunal sektorda minimum əməkhaqqı ilə işə götürülən minlərlə vətəndaş ixtisara salınıb. Onlara bildirilib ki, maliyyələşmədə bu ştatlar üçün maliyyə vəsaiti nəzərdə tutulmadığına görə işdən çıxarılırlar. Məlumatlı mənbə saytımıza bildirib ki, bu səbəbsən son 3 il ərzində də minlərlə insanın ixtisara düşdüyü qeyd olunur.

Davamlı ixtisarlar Dövlət Statistika Komitəsinin 2026-cı il yanvarın 1-nə olan hesabatında da əksini tapır. Məlumatda bildirilir ki, ötən il dövlət sektorunda çalışan işçilərin sayı 17500 nəfər azalıb. Qeyd olunur ki, 2025-ci ildə dövlət sektorunda muzdla işləyənlərin sayı 865,8 min nəfər olub. Bu, 2024-cü illə müqayisədə 2 faiz azalma deməkdir. Özəl sektorda isə çalışanların sayı 5,2 faiz artaraq 942,2 min nəfərə çatıb. Ümumilikdə, ötən il ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1,8 milyon nəfər olub.
DSK-nın statistikasına əsasən, ötən il yeni iş yerlərinin sayı 29,5 min nəfər artıb. Lakin əvvəlki illərlə müqayisədə yeni açılan iş yerlərinin sayında azalma tendensiyası müşahidə olunur. Belə ki, 2024-cü ildə yeni açılan iş yerlərinin sayı 37,5 min təşkil edib.
2024-cü illə müqayisədə təhsil, kənd təsərrüfatı və dövlət idarəetməsi sahələrində çalışanların sayında azalma qeydə alınıb.
Maraqlıdır, dövlət sektorunda işini itirənlərın neçə faizi özəl sektorda işlə təmin olunub?
Bu barədə DSK-nın statistika hazırladığı məlum deyil. Daha bir sual işini nitirənlərlə bağlı aidiyatı dövlət qurumlarının hansı tədbirlər görməsidir. Məsələn, işini itirənlərin işsiz kimi qeydə alınması, əmək yarmarkalarına dəvət etdilməsi, maddi durumu ağır olan ailələrə ünvanlı sosial yardımların verilməsi, özünəməşğulluq proqramına cəlb olunması baş veribmı?

Bu haqda hər hansı rəsmi informasiya yoxdur. Amma tərcrübə belədir ki, dövlətin qeyd olunan dəstək alətlərini vətəndaş əldə etmək üçün bəzən aylarla sürünür, məmurlarla gərgin mübarizə aparır, təəssüf ki, bir çoxunun səyləri nəticəsiz qalır. İndiyə qədər elə hal olmayıb ki, sosial qurumlar hansısa dövlət qurumlarında ixtisarlarla maraqlansın, işini itirən vətəndaşlara dəstək olsun. Mütləq vətəndaş özü arayıb-axtarıb tapmalıdır, öz hüququnu təmin etmək üçün böyük enerji sərf etməlidir.
Halbuki, normalda işini itirənlər haqda məlumatlar vahid informasiya portalında dərhal qeyd olunmalı, daha sonra aidiyyatı qurumlar üzərlərinə düşən vəzifəni yerinə yetirməlidirlər. Bünün heç biri baş vermr, vətəndaş ancaq özünə güvənməli olur. Məmurlar üzərinə düçən vəzifəni yerinə yetirmir, ixtisara düşən, işini itirənlərlə maraqlanmır. Baxmayaraq ki, ildə büdcədən yüz milyonlarla manat vəsait ayrılır, işıqlı, isti kabinetlərdə rahat kreslolarda əyləşib sağa-sola fırlanan “gənc kadrlar” görmədikləri işə görə 3-5 min manat məvacib alır, dövlətin imtiyazlarından gen-bol yararlanırlar. Necə dəyərlər, aztəminatlı, işsiz, ümidsiz insanların üzərində bahalı, komfort həyatın dadını çıxarırlar…
E.Rüstəmli
“AzPolitika.info”









