Bu ilin iyun ayında Azərbaycanda ən çox meyvə bahalaşıb, yumurta və tərəvəzlər isə ucuzlaşıb.
Cumhuriyyet.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ay əvvəlki ayla müqayisədə meyvələrin qiyməti 0,9% artıb.
Bununla yanaşı, mineral sular və şirələrin qiyməti 0,6%, kərə və bitki yağları, qənd, cem, bal, şokolad və konfetlər 0,3% bahalaşıb. Digər məhsul qruplarından ət və ət məhsulları, çay, qəhvə və kakao, həmçinin alkoqollu içkilərin qiymətləri 0,2% artıb. Süd və süd məhsulları isə 0,1% bahalaşıb.
Hesabat ayında ən çox ucuzlaşma tərəvəzlərin və yumurtanın qiymətində qeydə alınıb. Belə ki, iyun ayında tərəvəzlərin qiyməti may ayı ilə müqayisədə 6,7% azalıb. Yumurta 4,2%, balıq və balıq məhsulları 0,3% ucuzlaşıb.
Çörək, çörək məmulatları və yarmaların, eləcə də tütün məmulatlarının qiymətləri isə ötən ay dəyişməz olaraq qalıb.









