Cəmiyyət

BİR AİLƏNİN TALEYİ VƏ BİR CƏMİYYƏTİN MƏNƏVİ MƏSULİYYTİ HAQQINDA 

14

Rəhmətlik Nərman Qocatürkün faciəli ölümü ilə bağlı yayılan xəbərlər yəqin ki, hər bir vicdanlı insanı dərindən sarsıtdı. Bu hadisə yalnız bir müəllimin, bir ziyalının və ya bir ailə başçısının faciəsi deyildi. Bu, eyni zamanda cəmiyyətimizin mənəvi dəyərləri, insan ləyaqətinə münasibəti və informasiya məsuliyyəti haqqında ciddi düşünməyə vadar edən hadisədir.

Son günlər BDU-nun hər kəsin də etiraf etdiyi kimi əxlaqlı müəllimi Nərman Qocatürk haqqında məqsədli şəkildə sosial şəbəkələrdə yayılan ittihamlar, onun öz müraciətində bildirdiyi etirazlar və ardınca baş verən faciə cəmiyyət qarşısında çox ciddi suallar qoyur. Təbii ki, səsləndirilən hər bir iddia obyektiv araşdırılmalıdır. Heç bir şikayət diqqətdən kənarda qalmamalı, heç bir insanın hüququ pozulmamalıdır. Ancaq eyni zamanda, heç kəs məhkəmə hökmü olmadan ictimai linçə məruz qoyulmamalı, təsdiqlənməmiş məlumatlar vasitəsilə onun şərəf və ləyaqəti məhv edilməməlidir. İttiham etmək asandır, həqiqəti müəyyənləşdirmək isə çox böyük məsuliyyət tələb edir.

Niyə özümüzə icazə veririk ki, heç bir sübut olmadan kiminsə şərəf və ləyaqətini hədəfə alaq? Biz hansı cəmiyyətdə yaşayırıq ki, bir insan haqqında səsləndirilən iddialar bəzən araşdırmanın nəticəsini gözləmədən hökmə çevrilir? Sosial şəbəkələrdə bir neçə paylaşım, bir neçə şərh, bir-birini təkrarlayan söz-söhbətlər insanın illərlə qazandığı nüfuzun, ailəsinin mənəvi rahatlığının və övladlarının gələcəyinin üzərinə kölgə sala bilir.

Qurani-Kərimdə Allahın rəhmətini, bağışlamağını və insanların eyiblərini örtməyi ifadə edən mühüm mənəvi anlayışlar var. İslam ənənəsində Allahın sifətlərindən biri kimi işlədilən «Səttarül-üyub» – eyibləri örtən anlayışı da bu baxımdan xüsusi məna daşıyır. Bu, insanlara başqalarının nöqsanlarını axtarıb üzə çıxarmağı yox, mərhəmətli, ədalətli və vicdanlı olmağı xatırladır. Özünü müsəlman sayan hər kəs bu vacib və müqəddəs tapşırığa əməl etməlidir. Əlbəttə, eyibi örtmək cinayəti gizlətmək, ədalətsizliyə göz yummaq demək deyil. Ancaq həqiqət sübuta yetirilmədən insanı mühakimə etmək, onun şəxsi həyatını ictimai tamaşaya çevirmək də nə hüquqa, nə əxlaqa, nə də mənəviyyata sığır. Bir insan haqqında ittiham varsa, bunun araşdırılacağı ünvan hüquq-mühafizə orqanları və məhkəmədir. Sosial şəbəkələr məhkəmə deyil, anonim səhifələr hakim deyil, kütləvi qınaq isə ədalətin alternativi ola bilməz.

Nərman müəllimin faciəsi bizə bir daha göstərdi ki, rəqəmsal mühitdə məsuliyyətsiz davranışın nəticələri bəzən sözün sərhədlərini çoxdan aşır. Bir paylaşımın, bir şərhin, bir böhtanın arxasında yaşayan insan, onun həyat yoldaşı, övladları, valideynləri, yaxınları dayanır. İnsanın ünvanına atılan ləkə çox vaxt yalnız onun özünə deyil, bütün ailəsinə toxunur.

Nərman Qocatürkün iki ləyaqətli oğul övladı, möhtərəm həyat yoldaşı, ailəsi və onu sən bir çox dost və yaxınları vardı. Onun ölümü ilə bir ailənin mənəvi dünyası dağıldı. İndi həmin övladlar yalnız atalarının yoxluğu ilə deyil, həm də atalarının adı ətrafında baş verən ictimai müzakirələrin ağrısı ilə üz-üzədirlər. Bu uşaqların, bu ailənin mənəvi haqqını kim qoruyacaq? Biz heç bir ailənin belə bir sınaq qarşısında müdafiəsiz qalmasını istəməməliyik. Burada başqa bir vacib məsələ də var: cəmiyyət insanı yalnız onun haqqında yayılan iddialarla deyil, bütöv həyatı, fəaliyyəti, əməyi və şəxsiyyəti ilə qiymətləndirməyi bacarmalıdır. Heç kəsin toxunulmazlığı yoxdur, amma heç kəsin də ləyaqəti ictimai əyləncəyə çevrilə bilməz.

Nərman müəllimin ölümü ilə bağlı bütün hallar, ona qarşı səsləndirilən ittihamlar, bu məlumatların mütəşəkkil şəkildə hazrilayib yayılmasında iştirak edən şəxslərin fəaliyyəti və mümkün təzyiq mexanizmləri hərtərəfli, qərəzsiz araşdırılmalıdır. Həqiqət ortaya çıxmalıdır. Bu əsassız ittihamları yayan sayt və səhifələr cinayət məsuliyyətinə cəlb edilməlidir. Əgər böhtan, şantaj, təhqir və ya insanı dözülməz psixoloji vəziyyətə salan hərəkətlər olubsa, bunlara hüquqi qiymət verilməlidir. Eyni zamanda, hər hansı real şikayət və iddia da obyektiv araşdırılmalıdır. Çünki bizim tələbimiz kiminsə əvvəlcədən günahkar və ya günahsız elan edilməsi deyil, ədalətin bərqərar olmasıdır. Mən hesab edirəm ki, bu faciədən sonra cəmiyyət olaraq bir həqiqəti dərk etməliyik: insanın şərəfi ilə oynamaq olmaz! Bir insanın nüfuzunu dağıtmaq, ailəsini hədəfə çevirmək, övladlarını mənəvi sarsıntıya məruz qoymaq, sübut olunmamış iddiaları həqiqət kimi yaymaq heç bir halda söz azadlığı sayıla bilməz. Unutmayaq ki, söz azadlığı həm də sözün məsuliyyətini daşımaqdır.

Nərman müəllimin faciəsi hər birimizi düşündürməlidir. Bu gün bir ailənin yaşadığı ağrı sabah başqa bir ailənin taleyinə çevrilməməlidir. Cəmiyyətimizdə mərhəmət, ədalət, vicdan və insan ləyaqəti sosial şəbəkələrin səs-küyündən üstün tutulmalıdır.

Nərman müəllim ədəbli, ekranlı, ismətli insan idi. Haqqında yayılanlar iftiradır. İnsanlar danışanda başını belə qaldırmayan QOCATÜRKə bu böhtanlar yapışmaz. Yadı və xatirəsi qarşısında baş əyir, ailəsinə, övladlarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!

Sayman Aruz

Oxşar xəbərlər

↑