Cəmiyyət

175 ildir dünyanı çirkləndirən ölkələr – SİYAHI

23

Son 175 ildə xarici ölkələrə satdıqları neft, qaz və kömürün yandırılması nəticəsində atmosferə ən çox karbon qazı buraxılmasına səbəb olan ölkələr Rusiya, Səudiyyə Ərəbistanı və Avstraliyadır.

1850-2025-ci illəri əhatə edən araşdırmaya görə, bu üç ölkənin ixrac etdiyi yanacaqların yandırılması ümumilikdə 158 milyard tondan çox karbon qazı emissiyası ilə nəticələnib.

“Carbon Brief” nəşrinin araşdırmasında bildirilir ki, Rusiyanın ixrac etdiyi neft, qaz və kömürün yandırılması nəticəsində yaranan karbon qazının həcmi 69,4 milyard ton təşkil edib. Rusiya bu göstərici ilə dünya ölkələri arasında birinci yerdədir.

İkinci yerdə 61 milyard tonla Səudiyyə Ərəbistanı, üçüncü yerdə isə 28,1 milyard tonla Avstraliya qərarlaşıb.

Sonrakı yerləri Venesuela (27,3 milyard ton), İran (24,1 milyard ton), İndoneziya (21,7 milyard ton), Küveyt (20 milyard ton), İraq (17,6 milyard ton), Birləşmiş Ərəb Əmirlikləri (16,9 milyard ton) və Norveç (16,6 milyard ton) tutur.

Araşdırmanın əsas xüsusiyyəti karbon emissiyalarına görə məsuliyyətin yanacağın istehlak edildiyi ölkəyə deyil, çıxarıldığı ölkəyə aid edilməsidir. Ənənəvi hesablamalarda emissiyalar, bir qayda olaraq, yanacağın yandırıldığı ərazidə qeydə alınır.

Yeni yanaşmaya görə, ölkələrin neft, qaz və kömür ixracından əldə etdiyi gəlirlərlə yanaşı, həmin yanacaqların başqa ölkələrdə yandırılmasının yaratdığı ekoloji nəticələr də nəzərə alınmalıdır.

Bu hesablama bəzi ölkələrin tarixi karbon emissiyalarına görə məsuliyyətini əhəmiyyətli dərəcədə dəyişir. Məsələn, Səudiyyə Ərəbistanının tarixi emissiyalardakı payı xaricə satdığı yanacaqlar da nəzərə alınanda dörd dəfədən çox artır. Avstraliyanın qlobal istiləşməyə töhfəsi isə iki dəfədən çox yüksəlir.

Bununla belə, ümumi tarixi emissiyalara görə ABŞ və Çin yenə də dünyada ilk yerlərdə qalır. Hər iki ölkə böyük həcmdə yanacaq idxal etməklə yanaşı, öz ərazilərində hasil olunan neft, qaz və kömürdən də istifadə edir.

Araşdırma BMT-nin Türkiyənin Antalya şəhərində keçirilən 31-ci İqlim Konfransı (COP31) fonunda açıqlanıb. Avstraliya builki konfransın həmsədrlərindən biridir. Bununla yanaşı, ölkənin ixracatının təxminən 40 faizini neft, qaz və kömür təşkil edir. Avstraliya hökuməti hələ də bu yanacaqların hasilatına və ixracına son qoyulması üçün konkret tarix müəyyən etməyib.

“Çirkləndiricilərə ödəniş etdirin” Beynəlxalq Koalisiyasının koordinatoru Luiza Hatçins hesab edir ki, qalıq yanacaqların hasilatından böyük gəlirlər əldə edən ölkələr iqlim böhranının nəticələrinin aradan qaldırılmasına görə daha çox məsuliyyət daşımalıdırlar.

Səudiyyə Ərəbistanının Energetika Nazirliyinin nümayəndəsi isə araşdırmanın nəticələrinə etiraz edib. Onun sözlərinə görə, neft və qazı ixrac edən ölkə ilə həmin yanacağı alan və istifadə edən ölkənin məsuliyyətini bir-birindən ayırmaq düzgün deyil. Yanacağın necə istifadə olunmasına və onun yandırılması nəticəsində yaranan emissiyaların idarə edilməsinə istehlakçı ölkələr qərar verir.

Araşdırmanın müəllifləri də qeyd edirlər ki, yanacağın hasilatına və istehlakına görə məsuliyyət yalnız bir tərəfin üzərinə qoyula bilməz. Bu prosesdə həm hasilatçıların, həm istehsalçıların, həm də istehlakçıların rolu var.

Araşdırma Norveçin İqlim və Ətraf Mühit Araşdırmaları Mərkəzinin (CICERO) baş elmi işçisi Robbi Endrünün hazırladığı məlumat bazasına əsaslanır. Hesablamalar 1850-2025-ci illəri əhatə edir.

Medianews.az

Oxşar xəbərlər

↑