Ermənistandan sonra Gürcüstanda kilsə davası başladı

Cənubi Qafqazın daha bir ölkəsində dini institutlarla siyasi hakimiyyət arasında münasibətlər kəskinləşib. Ermənistanda Nikol Paşinyan hökuməti ilə Erməni Apostol Kilsəsi arasında yaranmış qarşıdurmadan sonra Gürcüstanda da oxşar gərginlik müşahidə olunur. Bu dəfə Gürcüstan Pravoslav Kilsəsi hakim partiya olan “Gürcü Arzusu”nu kilsəni siyasi nəzarətə götürməyə çalışmaqda ittiham edib.
Musavat.com xəbər verir ki, Ruis və Urbnisi mitropoliti İov hakimiyyətin kilsəyə münasibətini, dövlət maliyyələşməsinin şəffaf olmamasını, narkotiklərin yayılmasına qarşı mübarizədəki mövqeyini və qumar oyunlarının təşviqini tənqid edib. Mitropolit bildirib ki, Gürcüstanda hakimiyyətlə kilsənin birləşdirilməsi cəhdi müşahidə olunur. Onun sözlərinə görə, dövlətin kilsəni maliyyələşdirməsi ruhanilərin müstəqil mövqe sərgiləməsini çətinləşdirir. İov hesab edir ki, dövlət dəstəyi tamamilə dayandırılmalı deyil, lakin ayrılan vəsaitin necə xərcləndiyi ictimaiyyətə açıq olmalıdır.“Bu gün görürük ki, hökumətimiz inanc sahibi deyil, kilsəyə mənsub deyil. Kilsə ilə hökuməti birləşdirmək cəhdi var. Ruhanilərin əksəriyyəti məmurlara bənzəməyə başlayıb”, – deyə mitropolit vurğulayıb.
O, “Gürcü Arzusu”nun hələ 2014-cü ildən Pravoslav Kilsəsini nüfuzdan salmağa çalışdığını iddia edib. İov həmin dövrdə partiyanın qurucusu Bidzina İvanişvilinin patriarx II İlyanı da tənqid etdiyini xatırladıb. Mitropolitin digər iddiası isə hakimiyyətin illər ərzində bəzi din xadimləri haqqında kompromat toplaması və bundan onlara təzyiq vasitəsi kimi istifadə etməsidir. Bu barədə Gürcüstanın müxalifət mediası hələ 2021-ci ildə məlumat yaymışdı.İov hakimiyyətin fəaliyyətinin tükəndiyini bildirərək ölkədə siyasi dəyişikliklərin zəruriliyindən danışıb. O, hökumətin tənqidini dini və ictimai məsuliyyət məsələsi kimi təqdim edib.
Ruhaninin çıxışı hakimiyyətə yaxın media və siyasətçilərin sərt reaksiyası ilə qarşılanıb. Onu müxalifətə işləməkdə və keçmiş prezident Mixail Saakaşvili ilə əlaqədə ittiham ediblər. Parlamentin prosedur məsələləri komitəsinin rəhbəri David Matikaşvili isə mitropolitin çıxışını siyasi motivli moizə adlandırıb. Gürcüstanda kilsə ilə hökumət arasındakı münasibətlərin gərginləşməsinin səbəblərindən biri də oktyabrın sonunda qumar oyunları ilə bağlı beynəlxalq turnirlərin keçirilməsi prosedurunun sadələşdirilməsi olub. Ruhanilər bu qərarın cəmiyyətin gələcəyinə təsir etdiyini, lakin hökumətin onlarla məsləhətləşmədiyini bildiriblər. Baş nazir İrakli Kobaxidze isə dəyişikliklərin ciddi əhəmiyyət daşımadığını deyərək kilsənin narahatlığını əsassız hesab edib.

Bu hadisə Ermənistanda son illər davam edən kilsə-hakimiyyət qarşıdurmasını xatırladır. Paşinyan hökuməti ilə Erməni Apostol Kilsəsi arasında mübahisələr artıq siyasi və hüquqi müstəviyə keçib. Katolikos II Qaregin və bir sıra yüksək rütbəli din xadimləri ilə bağlı məhkəmə prosesləri də bu gərginliyin tərkib hissəsidir. Ermənistan hakimiyyəti kilsədə böhran olduğunu iddia edir, kilsə rəhbərliyi isə bunu dini institutun müstəqilliyinə müdaxilə kimi qiymətləndirir.
Gürcüstanda baş verənlər isə göstərir ki, məsələ təkcə Ermənistanla məhdudlaşmır. Hər iki ölkədə dini institutların ictimai nüfuzu, dövlətin onların fəaliyyətinə təsiri və ruhanilərin siyasi proseslərdəki rolu müzakirə mövzusuna çevrilib. Bununla belə, iki ölkədəki proseslərin səbəbləri və siyasi şəraiti fərqlidir.
Azərbaycanın təcrübəsi bu baxımdan diqqət çəkir. Ölkəmizdə müxtəlif dinlərin və konfessiyaların nümayəndələri hakimiyyətin heç bir müdaxiləsi və qarşıdurma olmadan qarşılıqlı hörmət şəraitində fəaliyyət göstərir. Azərbaycan dövləti dini tolerantlıq və multikulturalizm siyasəti ilə regionda nümunə olaraq qalmaqdadır. Bu həm də QMİ rəhbəri Şeyxülislam Allahşükür Paşazdənin roludur...
Musavat.com
