Üçtərəfli görüş bitdi: Liderlər BU MESAJI VERDİ

Rusiya prezidenti Vladimir Putin, Çin Xalq Respublikasının Sədri Si Cinpin və ABŞ prezidenti Donald Tramp Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində tarixdə ilk üçtərəfli görüşə başlayıblar.
Musavat.com xəbər verir ki, üç liderin açılış çıxışlarından sonra danışıqların qapalı hissəsinə start verilib.
Görüşün keçirildiyi "Silin Şançjuan" iqamətgahı Silin dağının ətəyində, vəhşi təbiət parkının yaxınlığında yerləşən və Çin Kommunist Partiyası rəhbərlərinin qəbulu üçün nəzərdə tutulmuş villalar kompleksidir.
Üçtərəfli danışıqlarda çıxış edən Çin Sədri Si Cinpin Rusiya, ABŞ və Çin liderlərinin tarixdə ilk üçtərəfli görüşünün əhəmiyyət daşıdığını bəyan edib.
ABŞ prezidenti Donald Tramp isə liderlərin müzakirə edəcəyi məsələlərin çox olduğunu vurğulayaraq deyib:
"Üçümüzün müzakirə etməli olduğumuz çox şey var. Üç ən böyük ölkənin rəhbərləri kimi üzərimizə böyük məsuliyyət düşür".
Tramp həmçinin bildirib ki, "hazırda üç ən böyük nüvə dövləti Yer üzündə nüvə silahlarının sayını necə azaltmağı, eləcə də bu silahın nə vaxtsa tətbiq olunması riskini necə kiçiltməyi müzakirə etmək üçün unikal imkana malikdir".
ABŞ lideri dialoqun vacibliyini qeyd edib və tərəflərin, o cümlədən Ukraynadakı müharibəni müzakirə etmək niyyətində olduğunu deyib.
Rusiya prezidenti Vladimir Putin açıqlamasında bu gün APEC çərçivəsində Donald Tramp ilə keçirdiyi görüşdə Ukrayna münaqişəsinə əhəmiyyətli diqqət ayrıldığını bildirib.
Onun sözlərinə görə, bu mövzu Amerika liderinin təşəbbüsü ilə ətraflı müzakirə olunub.
Putin vurğulayıb ki, üç ölkə üçün ümumi mövzulardan biri "regional münaqişələrin, o cümlədən Ukraynadakı münaqişənin nizamlanmasıdır".
Rusiya lideri həmçinin qeyd edib ki, Rusiya, ABŞ və Çini "təkcə İkinci Dünya müharibəsində qalib gəlmiş ölkələr statusu deyil, həm də beynəlxalq sülhün qorunması üzrə məsuliyyət birləşdirir", eyni zamanda bu üç dövlətin BMT-nin yaradılmasındakı rolunu xatırladıb. Putin danışıqlarda iqtisadi əlaqələrin və enerji təhlükəsizliyinin müzakirəsini də təklif edib.
10 dəqiqəlik çıxışlardan sonra Putin, Si Cinpin və Tramp arasında görüşün qapalı hissəsi başlayıb.
