Paşinyandan müxalifətə referendum şərti: “Qəbul olunmasa, istefa verəcəyəm”

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında müxalifətə müraciət edərək, yeni Konstitusiya layihəsi referendumda təsdiqlənməyəcəyi təqdirdə istefa verəcəyini bəyan edib.
“AzPolitika” xəbər verir ki, Paşinyanın çıxışı erməni mediasında yayımlanıb.
Paşinyan bildirib ki, xalq sənədə dəstək versə belə, o, növbəti seçkilərdə baş nazir postuna namizəd olmayacaq: "Əgər xalq yeni Konstitusiyaya “hə” deyərsə, mən növbəti seçkilərdə baş nazirliyə namizəd olmayacağam". Baş nazir həmçinin sənədin məzmunu ilə bağlı mövqeyini dəqiqləşdirib: "Əlbəttə, yeni Konstitusiya layihəsi dəyişdirilməlidir, lakin bu, “Real Ermənistan” ideologiyası kontekstində olmalıdır. Biz onu Müstəqillik Bəyannaməsindəki vəziyyətə qaytarmayacağıq".
Xatırladaq ki, oktyabr ayında Paşinyan parlamentdə müxalifətin imtina edə bilməyəcəyi bir təklif irəli sürəcəyini açıqlasa da, onun detallarını gizli saxlamışdı. Baş nazirin həmin bəyanatından sonra xarici işlər naziri Ararat Mirzoyan müxalifətə yeni Konstitusiya layihəsinin parlamentdə təsdiqlənməsini dəstəkləməyi və ardınca referendum keçirməyi təklif etmişdi. Nazir bildirmişdi ki, əgər layihə referendumda qəbul olunmasa, hakim komanda istefa verərək ölkəni tərk edəcək.
Qeyd edək ki, yeni Konstitusiya layihəsinin referenduma çıxarılması üçün parlamentdə azı 70 deputatın onun lehinə səs verməsi tələb olunur. Son parlament seçkilərində konstitusion çoxluq qazana bilməyən hakim “Vətəndaş Müqaviləsi” partiyası müxalifətdən ən azı 6 deputatın səsini almadan bu qərarı qəbul edə bilməz. Müxalifət isə ölkənin Əsas Qanununun Bakının tələbi ilə dəyişdirildiyini iddia edərək, layihənin referenduma çıxarılması məsələsində hökuməti dəstəkləməyəcəyini bəyan edir.
