Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov ilə danışıqlar aparıb.
Cumhuriyyet.az xəbər verir ki, xarici işlər nazirləri Azərbaycan-Rusiya münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, ticarət-iqtisadi və humanitar əməkdaşlığı, eləcə də regional və beynəlxalq gündəliyi müzakirə ediblər.
Rusiya xarici işlər naziri 22 fevral 2022-ci ildə imzalanan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsinin potensialını tam şəkildə reallaşdırmağa doğru irəlilədiklərini bildirib.
O deyib ki, bu il ən yüksək səviyyədə əldə edilən razılaşmalar, eləcə də hökumətlərin və Xarici İşlər nazirliklərinin işi sayəsində 25 dekabr 2024-cü ildə AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğramasının nəticələri ilə bağlı məsələlər həll olunub.
Rusiyalı nazir tərəflərin iqtisadi sahədə əməkdaşlığı müzakirə etmək niyyətində olduğunu qeyd edib. O, Azərbaycan və Rusiya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 24-cü iclasının aprel ayında keçirildiyini xatırladıb.
Rusiya xarici işlər naziri Cənubi Qafqazdakı vəziyyət müzakirə olunacağını vurğulayıb. O, həmçinin “3+3” regional məsləhət platformasına artan marağın olduğunu qeyd edib.
Azərbaycan xarici işlər naziri öz növbəsində bildirib ki, bu cür təmaslar Azərbaycan-Rusiya münasibətlərinin bütün spektrinin ətraflı müzakirəsi üçün mühüm platforma yaradır.
Onun sözlərinə görə, danışıqlar zamanı tərəflər ticarət-iqtisadi əməkdaşlıq məsələlərini ətraflı şəkildə nəzərdən keçirəcəklər ki, bunun da mühüm elementlərindən biri Hökumətlərarası Komissiyanın müntəzəm iclaslarıdır.
“Qlobal iqtisadiyyatda mövcud olan bütün çətinliklərə baxmayaraq, ölkələrimiz arasında ümumi tendensiya müsbətdir”, – Ceyhun Bayramov vurğulayıb.
O qeyd edib ki, tərəflər 2025-ci il üçün ikitərəfli əməkdaşlıq göstəricilərini, eləcə də yaxın gələcək üçün planlaşdırılan sahələri müzakirə edəcəklər. Azərbaycan xarici işlər naziri humanitar sahəni Azərbaycan və Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin ənənəvi olaraq vacib elementi kimi xarakterizə edib.
Ceyhun Bayramov həmçinin iki ölkənin beynəlxalq platformalarda qarşılıqlı fəaliyyəti də daxil olmaqla, qarşılıqlı maraq doğuran bütün regional və beynəlxalq məsələləri müzakirə etməyə hazır olduğunu diqqətə çatdırıb.









