Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşa şəhərindən paylaşım edib.
Paylaşımda deyilir: “Şuşadan gözəl xatirələr – tarix, mədəniyyət, dözümlülük və ilham şəhəri. Burada olmaq həmişə şərəfdir”.
Şuşa haqqında bugünə qədər bir-birindən gözəl çoxlu sayda fikirlər səslənsə də, Hikmət Hacıyevin mədəniyyət paytaxtımız haqqındakı bu qısa paylaşımı xüsusi əhəmiyyətə malikdir. Çünki bugünə qədər heç kim Şuşanı bu qədər lokal və dolğun təsvir etməyib.
Hikmət Hacıyevin paylaşımında Şuşanın qədim tarixi ilə gözəl təbiəti, zəngin mədəniyyəti ilə hüdudsuz fədakarlığı birləşir, bu doğma şəhərin əsl siması, gerçək mahiyyəti bütün əzəməti ilə üzə çıxır.
Bəli, Şuşa tarix və mədəniyyət şəhəri olmaqla yanaşı, həm də qəhrəmanlar şəhəridir. Burada tarixin qədim nəfəsi şəhərin zəngin mədəniyyəti ilə birləşərək bütövləşir, bir vahidlik yaradır. Burada Pənah xan dönəminin qılınc sədalarını da, Birinci Qarabağ müharibəsinin top gurultusunu da, Vətən müharibəsinin süngü səslərini də eşitmək mümkündür.
Şuşa Hikmət Hacıyevin qeyd etdiyi kimi, həm də ilham şəhəridir. Burada hər şey – hər daş-qaya, hər gül-çiçək, hər dağ-dərə insan ruhunu saf bir sevgi, sonsuz yaradıcılıq əzmi, nəhayətsiz mənəvi güclə doldurur.
Şuşada gözəl əsərlər yaratmaq, gözəl əməllərə imza atmaq üçün xüsusi bir səbəbə ehtiyac duyulmur. Bu qədim, füsunkar şəhər öz xeyirxah və yaradıcı ruhu ilə insana gözəl, faydalı nə iləsə məşğul olmağı “diktə edir”. Şuşa adiliyi mükəmməlliyə, sadəliyi bənzərsizliyə döndərir. Bu, Tanrının və təbiətin Şuşaya bəxş etdiyi özünəməxsusluqdur. Və Hikmət Hacıyev Şuşa haqqındakı paylaşımında bu böyük həqiqəti iki cümlə ilə xarakterizə etməklə sanki iki böyük əsər – “dilogiya” yaradıb. İki cümlədən ibarət, fəqət əsrləri və nəsilləri, tarixi və müasirliyi, maddiliyi və mənəviliyi əks etdirən “dilogiya”…
Seymur ƏLİYEV









