“44 günlük Vətən müharibəsindən sonra Azərbaycana qarşı diplomatik və media müstəvisində çoxsaylı təxribatlara cəhd edən Fransanın uzun əsrlərdir ki, dünyanın müxəlif bölgələrində qanlı cinayətlərə imza atdığı heç kimə sirr deyil. Maraqlı və bir o qədər də təəssüfedici məqam ondan ibarətdir ki, özünün mədəniyyət və demokratiyanın beşiyi hesab edən Fransa, 3-4 əsr bundan əvvəl olduğu kimi, bu gün də eyni amansızlıqla məzlum xalqlara zülm etməkdə, öz mili maraqlarını digər xalqların faciəsi üzərində təmin etməkdədir” -bunu saytımıza açıqlamasında tarixçi-jurnalist Seymur Əliyev bildirib.
Tarixçi qeyd edib ki, Fransa törətdiyi qanunsuz nüvə sınaqlarına, eləcə də bəşəriyyətə qarşı işlədiyi cinayətlərə görə cavab verməlidir: “Fransanın “insan haqları” adı altında insanlara verdiyi işgəncələri, zülm və iztirabları daha yaxşı anlamaq üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 iyul 2026-cı il tarixində IV Şuşa Qlobal Media Forumundakı çıxışına nəzər salmaq kifayətdir. Xatırladaq ki, Prezident İlham Əliyev sözügedən çıxışında Fransanın dənizaşırı xalqlara qarşı törətdiyi cinayətlər haqqında ciddi faktlar səsləndirib, rəsmi Parisin bu xalqları dəfələrlə nüvə sınaqlarına məruz qoyduğunu bildirib. Hansı ki, məhz bu sınaqlar səbəbi ilə həmin xalqların minlərlə nümayəndəsi nüvə fəlakəti ilə üz-üzə qalıb, öz sağlamlıq və həyatlarından məhrum olublar.
Dövlət başçısı haqlı olaraq qeyd edib ki, bu sınaqlar həmin xalqların genefonduna ölümcül təsir edib, onların ölümünə, şikəst olmasına yol açıb. Və ən pisi isə budur ki, Fransa bir dəfə də olsun törətdiyi bu vəhşiliklərə görə məsuliyyətə cəlb olunmayıb, hər hansı formada cəzalandırılmayıb.
Azərbaycan Prezidentinin çıxışı göstərdi ki, Fransanın dənizaşırı xalqlara yaşatdığı nüvə fəlakətinə görə gec də olsa məsuliyyətə cəlb edilməsi, cəzalandırılması vacivdir. İnsan haqlarına az və ya çox dərəcə dəyər verən hər bir dövlət və xalq, hüquq və qeyri-hüquq təşkilatları bu istiqamətdə konkret addımlar atmalı, Fransanın insanlığa qarşı törətdiyi bu cinayətlərin qarşısını almaq üçün öz səylərini birləşdirməlidir. Bu baxımdan beynəlxalq ictimaiyyətin Bakı Təşəbbüs Qrupunun səylərini dəstəkləməsi, onun fəaliyyətinə töhfə verməsi xüsusi əhəmiyyətə malikdir. Unutmayaq ki, yalnız xalqların və dövlətlərin həmrəyliyi Fransanın dənizaşrıı ərazilərdəki nüvə sınaqlarını dayandıra, onun beynəlxalq hüquq qarşısında məsuliyyətə cəlb edilməsini təmin edə bilər”.









