Sən demə, əhali sayı çox olan şəhərlərdə sakinlərin daha böyük problemləri olur. Əhalinin çoxluq təşkil etdiyi meqapolislərdə cürbəcür ağlasığmaz cəfəngiyyatlar baş verir: məişət cinayətkarlığından tutmuş depressiv və psixoz xarakterli əhval-ruhiyyəyədək. İnsanlar paytaxt şəhərlərində qeyri-adi duyğulara qapılaraq özlərini planetin ən bədbəxt məxluqları kimi hiss edirlər. Durduğu yerdə insan panik atak keçirir, üzülür, özünü gücsüz və müqavimətsiz hiss edir və s.
Böyük şəhərin sakinləri eqoist olmasalar belə, sevgi hissinin nə olduğunu tədricən itirirlər. Ancaq arzularında yaşatdıqları təmənnasız məhəbbətlə qarşılaşmağı istəyirlər.
Yalqızlıq insana xas olmayan hissdir. Amma kütləvi toplum şəraitində şəxsi həyatı qurmaq nəinki asan olmalı idi, hətta xoşbəxt gələcəyin təməli qoyulmalı idi. Təəssüf ki, vahid toplum sistemində vətəndaşların bir-birindən uzaq düşməsinə zəmin yaradıldı. Nəticədə insan tənhalığa qapılaraq bir küncə sığındı. Belə ki, insanların çoxluğuna baxmayaraq, ünsiyyət yaratmaq çətin və darıxdırıcı oldu. İnsanlar vahid orqanizm olmaqdansa, bir-birlərinə yadlaşdılar, sanki başqa planetdən gəlmiş məxluqlar kimi.
Xoşbəxt yaşamağın əlamətləri böyük şəhərlərdə qalmayıb. Kiçik şəhərlərin də böyük problemləri eynidir, sadəcə baxış prizması fərqlidir. “Bütün bunlar nədən irəli gəlir?” sualını vermədən səbəbləri sadalayaq:
1. Ölkədə mövcud olan kölgə iqtisadiyyatı nəticəsində;
2. Cinsi inqilabın pik nöqtəyə çatması nəticəsində;
3. Elmi-texniki “tərəqqi”nin və texnoloji yeniliklərin dünyanı uçuruma aparması nəticəsində;
4. Tərbiyənin, əxlaqın və xoşməramlılığın insana xas keyfiyyətlərdən uzaqlaşması nəticəsində;
5. İlahi qüvvəyə inanmamaq, onu təkzib etmək və ali hissiyatdan imtina etmək nəticəsində;
6. Keyfiyyətsiz, genetik modifikasiya olunmuş məhsullar nəticəsində.
Bu yığcam sxem üzərində çox dayanmasaq, yaxşı olar. Siyahıya çoxsaylı bəndlər əlavə etməyin mənası yoxdur. Çünki bunların hamısı bir-biri ilə zəncirvari bağlıdır. Mən bilərəkdən fahişəliyi, narkomaniyanı, ruhi xəstəlikləri, dilənçiliyi, evsizləri (“bomj”ları) bu sxemə daxil etmədim. Çünki bunlar şəhər faciəsinin “tullantıları” sayılır. Onlar bizim sxematik və kompakt sinfimizə daxil deyillər. Əksinə, əvvəlki həyatlarını itirdiklərinə görə, meqapolis onları həyat vasitələrindən məhrum etmiş insanlara çevirib.
Artıq meqapolisdə vəziyyət elə həddə çatıb ki, bir insanın sözü digərinin boğazından keçmir. Sanki hamı bir-birinə düşmən kəsilib. Vəhşi təbiətdə olduğu kimi, güclü zəifi məğlub edir. Yıxılmış adama əl uzadan olmur, yetimə qoğal verən yoxdur, kasıbı adam yerinə sayan tapılmır, dilənçiyə nəzir və zəkat verən azdır. Sanki “Amazon qanunları”ndakı kimi: ölürsənsə, özün günahkarsan, gərək səhvə yol verməyəydin.
Böyük şəhərdə artıq absurd bir tendensiya yaranıb. Saf sevgi o qədər defisitə çevrilib ki, onu artıq arzulayan da azdır. Xəstə təxəyyüllü insanlar sevgililərinin, hətta sevgi anlayışı olmayan tərəf-müqabillərinin adlarını tatu vasitəsilə bədənlərinə yazdırır, sonra isə sevgi bitəndə bütün ağrı-acıya rəğmən həmin yazıları sildirirlər.
Əlbəttə, biz sıravi vətəndaşlar olaraq böyük şəhər faciəsinin yalnız kiçik bir hissəsinin şahidi oluruq.
Biz həm də bilərəkdən uşaq-valideyn münasibətlərinə toxunmadıq. Urbanizasiya ilə əlaqədar şəhər əhalisinin artması ailələrdə ciddi problemlər yaradıb, cəmiyyətin sosial münasibətlərinə təsir göstərib. 16-18 yaşlarında olan gənclər həddi-buluğa çatdıqdan sonra kənddən şəhərə inteqrasiya etdikcə, valideynlərdən ayrı və müstəqil həyat tərzini seçməyə meyil göstərirlər. Bu kateqoriyaya aid olan gənclər meqapolisin sərt qaydaları və yüksək rəqabət mühiti ilə qarşılaşdıqca daha tez püxtələşir, zamanla şəhər həyatının formalaşdırdığı psixologiyanı mənimsəyirlər.
Müasir dövrdə aparılan urbanizasiya, iqtisadi və sosial siyasətin nəticələri ilə bağlı müxtəlif yanaşmalar mövcuddur. Bu yanaşmalardan birinə görə, insanların böyük şəhərlərdə bir-birindən uzaqlaşması, fərdiləşməsi və vahid birlik hissinin zəifləməsi cəmiyyətin idarə olunmasını müəyyən mənada asanlaşdırır. Belə bir mühitdə hər kəs böyük şəhərdə qalib gəlmək, güclü görünmək və həyatda yerini qorumaq uğrunda mübarizə aparır. Dünənə qədər özü “sındırılmış” insan olan biri, zaman keçdikcə başqasını “sındırmaq” düşüncəsinə qapılır. Bu ağır və ağrılı yolu keçən insanın ruhi dünyasında dərin izlər qalır və onun sağlam düşüncəni qoruyub saxlaması getdikcə çətinləşir.
Ümumbəşər baxımdan da Yer kürəsində yaşayan insanların sayı artıq 8 milyardı ötüb. Qloballaşma bu istiqamətdə də öz təsirini göstərir. Yəni böyük şəhərlərə xas olan problemlər artıq dünyanın müxtəlif nöqtələrində də müşahidə olunur. Dahi “The Beatles” qrupunun üzvü Con Lennonun dediyi kimi: “Bütün sualların cavabını sevgidə axtarmaq lazımdır.”
Bəlkə, doğrudan da sevgidə olan gözəllik dünyanı xilas edəcək?
Elçin ƏSƏDOV
Rejissor, yazıçı, tənqidçi









