“Professor Həsən Mirzəyev və bu qəbildən olan alimlərimizin Qərbi Azərbaycanla bağlı yazdığı əsərlər bizim bugünkü və gələcək fəaliyyətimizə yön verən tarixi mayakdır”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı bildirib. Xalq artisti qeyd edib ki, bu əsərlərdə Qərbi Azərbaycanla bağlı həqiqətlər mükəmməl şəkildə öz əksini tapıb ki, bu da gənclərə tarixlərini öyrənməyə, dost və düşmənlərini tanımağa imkan yaradır:
“Qərbi Azərbaycan həqiqətlərinin təbliği, xalqımızın bu torpaqlara qayıdışı hər zaman mühüm aktuallıq kəsb edən məsələlərdən biri olub. 44 günlük Vətən müharibəsi nəticəsində əldə edilən tarixi zəfərdən sonra isə bu məsələ ikiqat aktuallıq qazanıb. Biz Qərbi Azərbaycan həqiqətlərinin təbliğiji xüsusi diqqət yetirməli, gənc nəslin bu həqiqətlərə bələd olması üçün əlimizdən gələni əsirgəməməliyik.
Bunun üçün Qərbi Azərbaycanla bağlı tarixi qaynaq və mənbələri diqqətlə öyrənməli, bu mənbələrdən maksimum faydalanmağa çalışmalıyıq. Hansı ki, belə mənbələrdən biri də böyük alim, professor Həsən Mirzəyevin əsərləridir. Bu əsərlərdə Qərbi Azərbaycan toponimikası ilə yanaşı, ermənilərin bu torpaqlarda həyata keçirdiyi cinayətlər, soyqırımları ilə bağlı qiymətli məlumatlar mövcuddur.
Həmin əsərlərdə ermənilərin Qərbi Azərbaycanda xalqımıza məxsus tarixi saxtalaşdırmaq üçün hansı bəd əməllərə imza atdığı, bunun üçün hansı məkirli addımlar atdığı öz əksini tapıb. Biz bu əsərlərin təkrar nəşrinə nail olmalı, həmin əsərləri həm də xarici dillərə tərcümə edərək yaymalıyıq. Çalışmalıyıq ki, bütün dünya bu əsərlərdən, bu əsərlər vavsitəsilə ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlərdən xəbərdar olsun”.
Seymur ƏLİYEV