Nərimanov Tibb Mərkəzində yenidənqurma işlərinin 2024-cü ilin sonlarında tamamlanması planlaşdırılsa da, bu baş tutmayıb. Artıq 2025-ci il sona çatır. Nərimanov Tibb Mərkəzində isə işlər hələ də davam edir. Müşahidələr göstərir ki, yenidənqurma işləri cari ildə də tamalamaya bilər. Nərimanov Tibb Mərkəzinin yenidən qurulması işlərini “Var Construction” MMC həyata keçirir. Şirkət İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 2023-cü ildə bununla bağlı keçirdiyi tenderin qalibi seçilib. Tərəflər arasında 19 128 385,74 manat dəyərində satınalma müqaviləsi imzalanıb.
Bununla bağlı cumhuriyyet.az bildirir ki, iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Var Construction” MMC 6 yanvar 2005-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ev 125, mənzil 90-da yerləşən şirkətin qanuni təmsilçisi Orucov Rafət Güləli oğludur. Açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur. Şirkətin veb-səhifəsi olsa da, işlək deyil. MMC-nin əlaqə telefonlarına da rast gəlinmir. Bu baxımdan “Var Construction” MMC-nin maddi-texniki bazasının hansı səviyyədə olduğu məlum deyil.
“Var Construction” MMC-nin qanuni təmsilçisi Rafət Orucov haqqında da heç bir məlumat yoxdur. Ondan əvvəl şirkətin qanuni təmsilçisi Kərimov Alim Möhsün oğlu olub. Onun haqqında da açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.
“Var Construction” MMC haqqında cumhuriyyet.az olaraq əldə etdiyimiz başqa bir fakt isə ondan ibarətdir ki, şirkət 2020-ci ilədək “Turqay” MMC adı altında fəaliyyət göstərib. MMC bu ad altında 2019-cu ildə 3 saylı şəhər Klinik Xəsətəxanasının kotyirovka sorğusunun, 2018-ci ildə isə Səhiyyə Nazirliyinin Abşeron Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı tenderinin qalibi seçilib. İki satınalma müsabiqəsi üzrə bağlanan müqavilələrin ümumi maliyyə dəyəri 11 943 163,53 manat olub.
“Var Construction” MMC kimi haqqında heç bir məlumat olmayan, ad dəyişən şirkətlərdən tender əməliyyatlarında istifadə edilir və bu tip şirkətlərin həyata keçirdiyi layihələrdə problemlər yaranıb. Nərimanov Tibb Mərkəzi ilə bağlı da oxşar hal yarana bilər. Bəzi iddialara görə isə xəsətəxananın yenidən qurulması işlərinin yubanması vəsait çatışmazlığı ilə əlaqədardır. Lakin bu iddia inandırıcı görünmür. 19 milyon manat bir xəstəxananın yenidən qurulması üçün o qədər də az vəsait deyil. Yeri gəlmişkən, Nərimanov Tibb Mərkəzinin yenidən qurulması işlərinin yubanması faktı havadan götürülməyib. Yenidənqurma işlərinin 2024-cü ilin sonlarında tamamlanacağı barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) bununla bağlı rəsmi açıqlaması var.
Bəs, o zaman Nərmanov Tibb Mərkəzinin yenidən qurulması işlərin yubanmasının səbəbi nədir?
Nərimanov Tibb Mərkəzi 5 nömrəli Şəhər Klinik Xəsətəxanasının hüquqi varisi kimi yaradılıb. Mərkəz TƏBİB-in tabeliyində fəaliyyət göstərir.
Bu arada onu da qeyd edək ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti İcbari Tibbi Sığorta Agentliyində və TƏBİB-də yoxlamalara başlayıb.