“Bu cür tədbirlər milli-mənəvi dəyərlərimiz təbliği, vətənpərvərlik nümunəsidir”
Xəbər verdiyimiz kimi, sentyabrın 27-də Anım Günü münasibətilə Novxanı və Binəqədidə şəhid ailələri və qazilərin iştirakı ilə ehsan süfrələri verilib, şəhid məzarları ziyarət olunub. (https://veteran.gov.az/az/news/3040-novxanida-27-sentyabr-anim-gunu-ile-bagli-sehid-mezarlari-ziyaret-olunub-ehsan-sufresi-verilib ). İş adamı Cəlil Nağıyev tərəfindən təşkil edilən ehsan süfrələrində ümumilikdə 400 nəfər iştirak edib ki, onların arasında həssas kateqoriyadan olan vətəndaşlar üstünlük təşkil edib.
Veteran.gov.az-a açıqlamasında bu cür tədbirlərin önəminə diqqət çəkən millət vəkili Elman Məmmədov, belə addımların milli-mənəvi dəyərlərimizin təbliği baxımından mühüm önəm kəsb etdiyini bildirib:
“Bu cür tədbirlərin təşkili şəhid ailələri və qazilərə qayğı nümunəsi olmaqla yanaşı, həm də milli-mənəvi dəyərlərimizin təbliği, vətənpərvərlik nümunəsidir.
Azərbaycanda hər zaman şəhid ailələrinə böyük ehtiram hissi ilə yanaşılıb, şəhidlərin xatirəsi əziz tutulub. Bu, bizim dövlət siyasətimizdə də öz əksini tapıb. Bu gün Azərbaycan şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dünyanın ən qabaqcıl ölkələrindən biridir. Sevindiricidir ki, dövlətimizin bu siyasəti yerlərdə iş adamları tərəfindən də dəstəklənməkdə, təbliğ olunmaqdadır. Anım Günü ilə bağlı şəhid ailələri və qazilərin iştirakı ilə ehsan süfrələrinin təşkili, şəhid məzarlarının ziyarət olunması şəhdilərimizə olan sonsuz sevgi və ehtiramdan xəbər verir. Bu kimi tədbirlər göstərir ki, Azərbaycan xalqı öz şəhidlərini heç vatx unutmur, onların xatirəsini əziz tutur, onların həyat və döyüş yolunun təbliğinə ciddi önəm verir”.
Seymur ƏLİYEV