Türkiyədə “Can” Holdinqlə bağlı aparılan ikinci əməliyyatda 26 nəfər saxlanılıb. Saxlanılan adlardan ən diqqət çəkəni Azad və Qəbul Edilmiş Masonlar Assosiasiyasının sədri Rəmzi Sanverdir. Bu barədə “Türkiyə” qəzeti yazıb.
Azad və Qəbul Edilmiş Masonlar Assosiasiyasının rəhbəri Rəmzi Sanver “Böyük Ustad” sayılır. 1970-ci ildə İstanbulda anadan olan Sanver Qalatasaray Liseyini və Boğaziçi Universitetinin Sənaye mühəndisliyi fakültəsini bitirib.
Həmin universitetdə İqtisadiyyat üzrə doktoranturanı bitirən Rəmzi Sanver 2006-cı ildə professor olub.
İngilis, fransız və ispan dillərini mükəmməl bilən Sanver 2011-2015-ci illərdə İstanbul Bilgi Universitetinin rektoru vəzifəsində çalışıb.
“Böyük Ustad” həm də “Qalatasaray” İdman Klubu İdarə Heyətinin keçmiş sözçüsüdür.
Azad və Qəbul Edilmiş Masonlar Assosiasiyasının rəsmi saytında Sanver haqda belə yazılıb:
“O, 1991-ci ildə İstanbulda İdealist Lojasında fəaliyyətə başlamış, lojada müxtəlif vəzifələrdə çalışmış və 2003-2005-ci illərdə onun İbadət Ustadı kimi fəaliyyət göstərmişdir. 2007-2009-cu illərdə Böyük Katib və 2010-2013-cü illərdə Böyük Ustad vəzifələrində çalışmışdır”.
Teleqraf.az