Naxçıvanda tütün məmulatlarının istehsalı və satışı ilə məşğul olan “Cahan Tabak Beynəlxalq” şirkəti dövlətə olan milyonlarla manat vergi borcunun böyük hissəsini ödəməyə məcbur edilib.
İqtisadiyyat.az xəbər verir ki, şirkət ötən il dövlət qarşısında yığılmış 10,5 milyon manat borcunu 1 milyon manatdan da aşağı endirib.
Hazırda “Cahan Tabak Beynəlxalq” şirkətinin Naxçıvan Şəhər Vergilər İdarəsinə vergi borcu 790 936.31 manat təşkil edir.
Xatırladaq ki, şirkətin ötən il dövlət qarşısında borcunun miqdarı 10 561 321 manata çatıb.
Qeyd edək ki, “Cahan Tabak Beynəlxalq” şirkətinin fəaliyyət istiqaməti tütün məhsullarının istehsalıdır. Hazırda fabrikdə “Cahan”, “Visore”, “Nova” və “Fine” markalı filtrli siqaretlər istehsal olunur. Bu məhsulların istehsalı üçün istifadə olunan xammal və materiallar İngiltərə, Avstriya, Belçika, Malaysiya, Hindistan, İndoneziya və digər ölkələrdən alınır.

Onu da qeyd edək ki, 2005-ci ildə dövlət qeydiyyatına alınan “Cahan Tabak Beynəlxalq” MMC-nin qanuni təmsilçisi Amil Cabbar oğlu Hüseynzadədir. Şirkətin nizamnamə kapitalı 497 150 manatdır.









