Avropa qış mövsümünə qədəm qoyarkən meteoroloqlar bölgədə ciddi temperatur düşmələri və mümkün ekstremal hava hadisələri barədə xəbərdarlıq edirlər.
Musavat.com “Euronews”a istinadən xəbər verir ki, qütb burulğanının bu il adi illərlə müqayisədə xeyli zəif olması Almaniya başda olmaqla bir çox ölkələrdə qeyri-adi dərəcədə sərt qışa səbəb ola bilər.
Mütəxəssislər bildirirlər ki, atmosferin yuxarı təbəqəsində qeydə alınan bu zəifləmə əvvəlki onilliklərdə də ciddi fəsadlara gətirib çıxarmışdı. Xüsusilə 1978-1979-cu illərin məşhur “əsrin qışı”, yaxud “əsrin soyuğu” eyni səbəblə yaranmış və region uzun sürən şaxta, güclü qar fırtınaları və genişmiqyaslı nəqliyyat problemləri ilə üzləşmişdi.
Hazırkı proqnozlara görə, Milad günlərində hava nisbətən yumşaq keçəcək. Lakin bayramlardan sonrakı dövrdə temperaturun sürətlə aşağı enməsi ehtimalı gündəmdə qalır. Avropa Hava Mərkəzinin modelləri bayram ərəfəsində mülayim havanın müşahidə olunsa da, yanvarın əvvəlində kəskin soyuqların baş verə biləcəyini göstərir.
ABŞ-ın NOAA agentliyi aylıq orta temperaturun normadan yüksək görünməsini son günlərdə qeydə alınan isti hava ilə əlaqələndirir. Bu isə yaxın dövrdə hava şəraitinin qəfil dəyişə və güclü soyuqlara keçə biləcəyinə işarədir.
Əksər hava modelləri yanvarı dəyişkən və nisbətən sakit qış ayı kimi proqnozlaşdırsa da, EFFIS məlumatlarında daha aşağı temperatur və yağıntı çatışmazlığı ehtimalı diqqət çəkir. Bunun Mərkəzi Avropada uzun sürən yüksək təzyiq sahəsi formalaşdıracağı, gecələr yolların donma riskini artıracağı bildirilir.
Mütəxəssislər əlavə edir ki, qışın ortasında qütb burulğanında baş verə biləcək yeni pozulma arktik soyuqların qəfil Avropaya yönəlməsinə səbəb ola bilər.
Bundan başqa, NOAA-nın iqlim şöbəsi La-Nina hadisəsinin hələ də davam etdiyini və 2026-cı ilin əvvəlinə qədər təsirini qoruyacağını açıqlayıb. Bu fenomenin Qərbi Avropada adətən daha soyuq, rütubətli və uzunmüddətli qışlarla müşayiət olunduğu qeyd edilir.
Digər tərəfdən, Alp dağları bölgəsində güclü qar yağışı gözlənilir ki, bu da qış idmanı ilə maraqlananlar üçün əlverişli şəraitin yaranacağı anlamına gəlir.









