Avropa Komissiyası (AK) hesab edir ki, Almaniya, Fransa və İtaliya Ukraynaya kreditin təmin olunması üçün Rusiyanın dondurulmuş aktivləri hesabına əsas yükü öz üzərinə götürməlidir. Yenicag.az xəbər verir ki, bu barədə “Politico” nəşri AK-nın ixtiyarına keçən sənədlərə istinadla yazıb.
Nəşr qeyd edib ki, Aİ ölkələri fərdi qaydada milyardlarla avro ayırmağı öhdələrinə götürməli olacaqlar ki, Ukraynaya təcili kreditin – 210 milyard avronun ödənilməsini təmin etsinlər. Zəmanətlərin həcmi ölkənin ümumi milli gəlirinə görə hesablanır və ən böyük məbləği – təxminən 51,3 milyard avronu Almaniya təmin etməli ola bilər. Fransa 34 milyard avro, İtaliya isə 25,1 milyard avro zəmanət verə biləcək. Nəşrin qiymətləndirməsinə görə, bu zəmanətlər Belçikanın Baş naziri Bart De Veverin kreditin ayrılmasına razılıq verməsinə imkan yaradacaq.
Daha əvvəl nəşr yazmışdı ki, AK Aİ ölkələrinə Rusiya Mərkəzi Bankının Aİ-də bloklanmış bütün 210 milyard avro suveren aktivlərinin 2026–2027-ci illərdə Ukraynanın maliyyələşdirilməsi üçün müsadirə olunmasına dair hüquqi təkliflər göndərib. Bununla belə, Belçika bu addıma “qəti şəkildə qarşı” çıxır.
Belçikanın depozitar şirkəti “Euroclear”ın rəhbəri Valeri Urban Rusiyanın suveren aktivlərinin böyük hissəsinin bloklandığı bu qurumda AK-nın planlarını qeyri-realist adlandırıb və bunun həm Belçika, həm də bütün dünya maliyyə sistemi üçün böyük risklər daşıdığını xəbərdarlıq edib. O hesab edir ki, bu, “Euroclear”ın müflisləşməsinə gətirib çıxara bilər və əgər Aİ ölkələri 18-19 dekabr sammitində planı dəstəkləsələr, onu məhkəmədə mübahisələndirmək niyyətini təsdiqləyib.
Qeyd edək ki, Avropada Rusiyanın təxminən 210 milyard avro suveren aktivləri bloklanıb, onların 185 milyard avrosu “Euroclear” depozitarında saxlanılır.









