Rusiya prezidenti Vladimir Putin ölkənin demoqrafik vəziyyəti ilə bağlı kəskin etiraf edib.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, son illər qəbul edilən bütün proqramlara baxmayaraq, Rusiya əhalisinin artım tempi hələ də kifayət etmir və mənfi proses davam edir: “Təəssüf ki, mənfi tendensiya hələ də qalmaqdadır.”
Putin çıxışında xüsusilə “aktiv atalıq” (rus. вовлечённое отцовство — ailə həyatında və uşağın tərbiyəsində atanın fəal iştirakı) modelinin genişləndirilməsinin vacibliyini vurğulayıb. Prezident hesab edir ki, demoqrafik böhranın aradan qaldırılması üçün kişilər ailə qərarlarında daha çox rol oynamalıdır:
“Söhbət ondan gedir ki, kişilər ailə qayğılarında daha fəal iştirak etsinlər, uşaqların doğulması ilə bağlı qərarlarda və tərbiyədə daha çox yer alsınlar.”
Putin həmçinin bildirib ki, ilin sonuna Rusiyada inflyasiya 6 faizdən aşağı ola bilər, bu isə iqtisadi sabitlik baxımından mühüm göstərici sayılır.
Biznes fəaliyyəti barədə danışarkən o, bazarın “şəffaflaşması” siyasətinin (kölgə iqtisadiyyatının məhdudlaşdırılması) dərinləşdiriləcəyini açıqlayıb: “Vicdanlı və dürüst işləyən sahibkarlar inkişaf üçün real üstünlüklər qazanmalıdırlar.”
Prezident nitqinin sonunda Rusiyanın əsas strateji hədəfini belə ifadə edib: “Bizim tarixi vəzifəmiz — xalqımızın qorunması və sayının artırılmasıdır.”
Musavat.com









