Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilən sabiq baş nazirin birinci müavini Abbas Abbasovun adı illər sonra yenidən ölkənin siyasi gündəminin mərkəzinə düşüb. Bu, sıradan bir cinayət dosyesi deyil. Abbas Abbasov 2013-cü ildə yaradılan “Milyarderlər İttifaqı” ssenarisinin əsas ismi idi. O zaman Abbas Abbasov siyasi səhnədə görünməsə də, səhnə arxasında ən çox izi olan fiqurlardan biri kimi tanınırdı. Azərbaycan dövlətçiliyinə qarşı hazırlanmış, lakin fiaskoya uğramış böyük siyasi layihənin aparıcı fiquru kimi diqqət çəkirdi.
Bu gün “Ramiz Mehdiyev işi” ətrafında aparılan istintaq əslində həmin yarımçıq qalmış dosyenin davamıdır. Və bu dosyenin mərkəzində dayananlardan biri də məhz Abbas Abbasovdur.
Kimdir o?
Abbas Aydın oğlu Abbasov 4 avqust 1949-cu ildə Gəncə şəhərində anadan olub. 1971-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. Həmin il Respublika Baytarlıq Laboratoriyasında baytar həkim kimi əmək fəaliyyətinə başlayıb. 1972–1973-cü illərdə hərbi xidmətdə olub. 1973-cü ildən Abşeron rayonunun quşçuluq sənayesi sahəsində baytar həkim, sex rəisi, 1979–1982-ci illərdə Bakı Broyler Fabrikinin direktoru, 1982-ci ildən Özbəkistan Respublikasının quşçuluq təsərrüfatlarında direktor müavini, 1983–1989-cu illərdə Özbəkistan SSR Dövlət Quşçuluq Sənayesi Komitəsi sədrinin müavini, 1989-cu ildən Abşeron Quşçuluq Aqrar-İstehsalat firmasının baş direktoru, 1990–1991-ci illərdə Abşeron Rayon Partiya Komitəsinin birinci katibi, rayon XDS İcraiyyə Komitəsinin sədri, Azərbaycanın dövlət müşaviri vəzifələrində işləyib. 1992-ci ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsində çalışıb. Bu dövr ərzində bir neçə dövlət komissiyasının sədri olub. 2006-cı ildə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib. Ailəlidir, 4 övladı var.
Hazırda “AST Şirkətlər Qrupu”nun vitse-prezidenti və Müstəqil Dövlətlər Birliyi (MDB) Dinlərarası Şurasının Qəyyumlar Komitəsinin həmsədridir. 1990–1995-ci illərdə Azərbaycan Respublikasının xalq deputatı olub.
2006-cı ildə hakimiyyətdən uzaqlaşdırılanda onu nə istintaq, nə məhkəmə, nə də siyasi qınaq gözləyirdi. Əksinə, “İstiqlal” ordeni ilə təltif olundu və sakitcə Rusiyaya getdi. Uzun illər dövlətin ən həssas postlarında çalışmış bir şəxsin məhz Rusiyanı seçməsi də təsadüfi deyildi. Moskva siyasi dairələri ilə yaxınlığı barədə açıq və qapalı mənbələrdə saysız iddialar səslənən biri orada qısa müddətdə diaspor lideri, milyarderlərin ağsaqqalı, siyasi koordinasiya mərkəzi rolunda görünməyə başladı.
O günlərdə Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov Abbas Abbasovu Rusiyadakı Azərbaycan diasporunun fəaliyyətini sistemli şəkildə dağıtmaqda ittiham edirdi. Deyirdi ki, Abbas Abbasov “AzerRos”da olduğu müddətdə təşkilata milli institut kimi yox, şəxsi siyasi layihə kimi yanaşıb. Özünü Rusiyadakı azərbaycanlıların “lideri” kimi təqdim edir, azərbaycanlı iş adamlarına qarşı süni problemlər yaradır, sonra isə həmin problemlərin “həlli”ni öz adamları vasitəsilə təqdim edərək onları asılı vəziyyətə salırdı. Abbas Abbasovun dünya erməni diasporunun nümayəndələri, eləcə də Avropada özlərini “müxalifət” adlandıran, amma əslində Azərbaycanın zəifləməsində maraqlı olan radikal qruplarla görüşdüyü də bildirilirdi. Azərbaycanlıları “bazarnik” adlandıran bu şəxs heç zaman milli maraqlardan çıxış etməyib, sırf şəxsi ambisiyalarını ön plana qoyub.
2012–2013-cü illərdə Rusiyada yaşayan azərbaycanlı oliqarxların “Rusiya Azərbaycan Təşkilatları İttifaqı” adı altında birləşdirilməsi təsadüfi deyildi. Bu qurum daha çox “Milyarderlər İttifaqı” kimi tanındı və qeyri-rəsmi lideri məhz Abbas Abbasov idi. Bu ittifaqın məqsədi mədəniyyət, diaspor, xeyriyyə deyildi. Məqsəd Azərbaycanın daxili siyasətinə birbaşa müdaxilə idi. Plan sadə, amma təhlükəli idi. Kremlin siyasi iradəsi ilə Rusiyadakı azərbaycanlı milyarderlərin maliyyəsi, Bakıda isə “müxalifət vitrini” ilə iş qurulmasının başında Abbas Abbasov dayanırdı. Bu gün Abbas Abbasovun axtarışa verilməsi onu göstərir ki, istintaq artıq icraçılardan memarlara doğru gedir. “Ramiz Mehdiyev işi” bir məmurun xəyanəti dosyesindən daha çox, illərlə qurulan paralel siyasi şəbəkənin ifşasıdır. Abbas Abbasovun mümkün ekstradisiyası 2013-cü ilin bütün mexanizmini açacaq.
Təsadüfi deyil ki, Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov hələ 10 il əvvəl Abbas Abbasovu dövlətçiliyə qarşı fəaliyyət göstərən fiqur kimi təqdim etmişdi. Daha sonra Ramiz Mehdiyevlə bağlı ifşalar da bu zəncirin davamı idi. Bu gün həmin sözlər istintaq materialı kimi oxunur. Abbas Abbasov 2013-cü ildə Azərbaycanın siyasi taleyini Moskva kabinetlərində müzakirə edən layihənin əsas fiqurlarından biridir. Bu gün onun axtarışa verilməsi də zəruri addımdır. 2013-cü ilin yarımçıq qalmış dosyesi nəhayət bağlanmalıdır.
Məlumdur ki, Abbas Abbasov 2006-cı ildən Rusiyada yaşayır və Rusiyanın bir sıra hakimiyyət dairələri ilə yaxın olduğu barədə zaman-zaman xəbərlər yayılıb. Rusiyaya sığınmasında da bu yaxınlığın rol oynadığı bəllidir.
Bəs Rusiya onu Azərbaycana təhvil verəcəkmi? Azərbaycanla Rusiya arasında haqqında cinayət işi açılan və axtarışa verilən şəxslərin ekstradisiyasını nəzərdə tutan hüquqi müqavilələr varmı?
Deputat Aydın Hüseynov Musavat.com-a bildirib ki, güman ki, hüquq-mühafizə orqanları onun Azərbaycana təhvil verilməsi ilə bağlı məsələ qaldıracaq:
“Rusiya onu Azərbaycana təhvil verməyə borcludur. Rusiya onu verəcək, verməyəcək, bu, başqa mövzudur. Ancaq istənilən halda hüquq-mühafizə orqanları tərəfindən müraciət olacaqsa, onu qaytaracaqlar və qaytarmalıdırlar”.
Deputat deyib ki, Rusiyaya və Rusiyadan ekstradisiya məsələlərini tənzimləyən həm ikitərəfli müqavilələr, həm də Azərbaycan və Rusiya üçün tətbiq olunan beynəlxalq konvensiyalar mövcuddur: “Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında “Məhkəmə-hüquqi yardım və mülki, ailə və cinayət işlərində hüquqi münasibətlər haqqında” müqavilə iki ölkə arasında cinayətkarlıqla bağlı hüquqi yardım və prosedurlar tənzimləyir. Həm Azərbaycan, həm də Rusiya “Ekstradisiya haqqında” Avropa Konvensiyası və onun protokollarına qoşulublar. Azərbaycan Konvensiyaya ratifikasiya əlavələri barədə qərarlar verib. Bu, tərəflər arasında ekstradisiya üçün multilateral mexanizm də yaradır. Konkret ekstradisiya sorğuları hüquqi yardım, konsul konvensiyaları və müvafiq qanunvericilik əsasında icra olunur. Cari işlər üzrə qərarlar isə məhz prokurorluq, ədliyyə orqanları və məhkəmə tərəfindən verilir. Azərbaycanla Rusiya arasında hüquqi yardım haqqında müqavilələrə və beynəlxalq konvensiyalara görə, Rusiya Abbas Abbasovu Azərbaycana ekstradisiya etməlidir”.









