Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılan və barəsində məhkəmə qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilən Ruslan Eyyubovla bağlı yaşananlar cəmiyyətdə böyük maraqla izlənməkdədir.
5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən Bakı–Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının faktiki rəhbəri Ruslan Eyyubovla bağlı ictimai marağı sitimulaşdıran iki mühüm fakltor var ki, bunlardan biri Ruslan Eyyubovun Prezidentin şəxsi mühafizə xidmətinin keçmiş rəhbəri Bəylər Eyyubovun qardaşı oğlu olması, digəri isə Ruslan Eyyubovun fantastik miqdarda daşınmaz əmlaka sahib olmasıdır. Mediada yer alan məlumatlara görə, Ruslan Eyyubov ümumilikdə 109 yanacaqdoldurma məntəqəsi, 1 maye qazdoldurma (propan-butan) məntəqəsi və 1 sıxılmış təbii qaz (CNG) terminalı daxil olan “Azpetrol” şirkətinin sahibidir. Onun Bakıda və respublikanın əksər rayonlarıdna saysız-hesabsız vilalları, ticarət obyektləri mövcuddur ki, bu da Ruslan Eyyubovun sahib olduğu fantastik gücdən xəbər verir.
Ruslan Eyyubovun bu gücə necə, hansı yola, kimlərin himayəsi altında nail olması yəqin ki, istintaqın gedişində üzə çıxacaq. İndiki halda isə bunu demək mümkündür ki, nəinki Ruslan Eyyubovun, istənilən bir şəxsin bu qədər böyük sərvətə himayəçisiz və qanuni yolla sahiblənməsi mümkünsüzdür. Belə bir gücə sahiblənmək üçün ciddi siyasi əlaqələrə, habelə, “yedirtmək bacarığına” malik olmaq lazımdır ki, bu yerdə yada Ramiz Mehdiyev düşür. Ölkədəki əksər talan və qanunsuzluqların məhz onun tərəfindən himayə olunması faktını nəzərə alsaq, iddia etmək olar ki, Ruslan Eyyubovun da Ramiz Mehdiyevlə birbaşa və ya dolayısı ilə müəyyən əlaqələri mövcud olub. Ola bilsin ki, Ruslan Eyyubov da Ramiz Mehdiyevin çətiri altında öz nəhəng əmlak imperiyasını “yad nəzərlərdən” gizlətməyi, dövlət büdcəsinə çatmalı olan vəsaitləri dədə malı kimi mənimsəməyi bacarıb. Bir daha qeyd edirik ki, bütün bunlar hələ ki, sadəcə ehtimallardır və əsl həqiqət məhz istintaq tərəfindən ortaya çıxarılacaq.
İstintaq tərəfindən araşdırılacaq məsələlərdən biri də Ruslan Eyyubovun bugünə qədər hansı qanunsuzluqlara imza atması, dövlət büdcəsindən, gömrük və vergi orqanlarından nə qədər vəsait yayındırmasıdır. Hansı ki, bu vəsaitlərin məyyən edilərək dövlət büdcəsinə qaytarılması vacibdir. Əks təqdirdə, Ruslan Eyyubovla bağlı görüləcək cəza tədbirləri yarımçıq təsir bağışlayacaq və bu yanaşma bir sıra məmurları qanunsuz əməllərə həvəsləndirəcək.









