Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ciddi şübhələrə yol açan satınalma müqaviləsinə imza atıb. Komitə vergi borcu olan bir şirkətə külli miqdarda sifariş verərək ictimaiyyətin diqqətini öz üzərinə çəkib.

Məlumatlara görə, Departamenti “İS Təmir Tikinti” şirkəti ilə 447 min manat dəyərində satınalma müqaviləsi bağlayıb. Bu müqavilənin detalları hələlik açıqlanmasa da, əsas narahatlıq doğuran məqam şirkətin maliyyə vəziyyətidir.
Vergilər Nazirliyinin məlumat bazasına əsasən, “İS Təmir Tikinti” şirkətinin dövlət büdcəsinə külli miqdarda vergi borcu mövcuddur. Vergi qanunvericiliyinə görə, borclu şirkətlərin dövlət sifarişləri alması ciddi suallar doğurur və şəffaflıq prinsiplərinə ziddir.
Dövlət qurumlarının satınalma proseslərində şəffaflıq və məsuliyyət prinsiplərinə əməl etməsi vacibdir. Vergi borcu olan bir şirkətə bu qədər böyük bir sifarişin verilməsi isə korrupsiya risklərini və dövlət vəsaitlərinin səmərəsiz istifadəsi ehtimallarını artırır.
Bu cür halların qarşısının alınması üçün satınalma qanunvericiliyinin daha sərt tətbiqi və dövlət qurumlarının tender proseslərində daha diqqətli olması tələb olunur. İctimaiyyət bu məsələdə tam şəffaflıq və cavabdehlik gözləyir.
Qaçqınkomun Mənzil İstismar Departamentinin bu qərarı ilə bağlı əlavə araşdırmaların aparılması və müvafiq izahatların verilməsi zəruridir. Əks halda, bu cür halların təkrarlanması dövlətə olan etimadı sarsıda bilər.









