Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında məzunların növbəti buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib. Məzunları təbrik edən DTX rəisi general-polkovnik Əli Nağıyev gənc zabitlərə uğurlar arzulayıb, tövsiyyələrini bildirib.
Xidmət rəisinin təbrik nitqində üzərində məxsusi dayandığı bir tövsiyyə xüsusilə diqqət çəkib. Belə ki, general Əli Nağıyev gənc zabitlərin Ümummilli Liderin adını daşıyan Akademiyanın məzunları kimi gələcək fəaliyyətlərində unudulmaz şəxsiyyətin vətənpərvərlik irsini layiqincə yaşadacaqlarına əminliyini ifadə edib, bu irsə sadiqliyin vacibliyini vurğulayıb.
Xidmət rəisinin məzunlara Ulu Öndərlə bağlı etdiyi bu tövsiyyə həm gənc zabitlərin şəxsi həyati və xidməti fəaliyyəti, həm də ümummilli maraqlar baxımından böyük əhəmiyyətə malikdir. Çünki Ulu Öndər yolunun hər bir azərbaycanlıya nümunə olduğu, məhz bu yolun güclü, müstəqil, çiçəklənən Azərbaycanın mövcudluğuna yol açdığı hər kəsə məlumdur. Heydər Əliyev yolu, Heydər Əliyevin vətənpərvərlik irsi ömrün hər anını vətənin tərəqqi və təhlükəsizliyinə həsr etmək, vətənlə nəfəs almaq, vətənlə bütövləşmək deməkdir. Heydər Əliyevin vətənpərvərlik irsi ictimai və dövlət maraqları naminə şəxsi maraq və ambisiyalardan imtina etmək, fərdi rifahını və rahatlığını xalqın rifahına qurban vermək deməkdir. Və nəhayət, Heydər Əliyevin vətənpərvərlik irsi vətənin dar günündə ölüm də daxil, hər cür çətinliyə mərd-mərdanə meydan oxumaq, özünü vətənə sevə-sevə fəda etmək deməkdir.
Bu mənada general Əli Nağıyevin gənc zabitlərə Ulu Öndərin vətənpərvərlik irsini nümunə gətirməsi, onlara bu irsə sadiqliyi tövsiyyə etməsi yüz kitaba bərabər tövsiyyə hesab oluna bilər. Və əminliklə demək olar ki, yalnız gənc zabitlər üçün deyil, əmək fəaliyyətinə yenicə başlayan istənilən şəxs üçün bu, ən gözəl, ən faydalı tövsiyyədir.
Seymur ƏLİYEV









