Bu ildən etibarən təhsil haqqında dövlət sənədləri yalnız elektron qaydada veriləcək.
Cumhuriyyet.az xəbər verir ki, bunu Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, cari ildə qəbul olunmuş qərara əsasən, ümumi təhsil haqqında attestatlar, peşə təhsili sertifikatları, həmçinin ali və orta ixtisas təhsili üzrə diplomlar və arayışlar elektron qaydada təqdim ediləcək: “Artıq ilk elektron diplomu vermişik. İlk elektron diplom peşə təhsili alan vətəndaşa təqdim olunub. Yaxın günlərdə isə elektron diplom və attestatların myGov platforması üzərindən əlçatanlığı təmin ediləcək”.
O qeyd edib ki, məqsəd bu ildən etibarən bu imkanları bütün vətəndaşlar üçün əlçatan etməkdir: “Burada əsas məqam ondan ibarətdir ki, təhsil müəssisəsi təhsilalan barədə bütün məlumatları sistemdə təsdiqləyib elektron qaydada imzaladıqdan sonra attestat və ya diplom avtomatik formalaşacaq. Bu, həm vaxt itkisini aradan qaldıracaq, həm də sənədlərin operativ şəkildə yoxlanılmasına imkan yaradacaq”.









