Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda məhkəmə prosesləri keçirilən Ramiz Mehdiyevin yaxın qohumunun Xırdalanda böyük narazılıq yaratması haqda mətbuatda məlumatlar yer alıb. Məlumata görə, “Boz Kardinal”ın əmisi nəvəsi Vüsal adlı şəxs Xırdalan şəhərinin mərkəzinə yaxın ərazidə yerləşən zavodu sökdürür. Bu da ciddi etirazlarla qarşılanır. Mənbə böyük zavodun Xırdalandan şəhər mərkəzinə doğru hərəkət edərkən yolun sol tərəfində yerləşdiyini bildirir. Onun iddiasına görə, ərazidə aparılan söküntü ilə bağlı ictimaiyyətə hər hansı sənəd və ya tikinti layihəsi təqdim edilməyib. Məhz bu səbəbdən həm də ərazidə yaşayan və fəaliyyət göstərən şəxslər arasında ciddi narazılıq yaranıb. Digər məlumat isə bundan ibarətdir ki, sözügedən ərazidə gələcəkdə çoxmərtəbəli yaşayış binaları inşa olunacaq.
Vüsal adlı şəxslə bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalarda daha ilginc məqamlar üzə çıxdı. Belə ki, tam bir il öncə çoxsaylı vətəndaşların şikayətləri əsasında Xətai Rayon Prokurorluğu tərəfindən iş adamı, ictimaiyyətdə “Vüsal 300” kimi tanınan Vüsal Abbasov saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 192.3.2-ci (qanunsuz sahibkarlıq – külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə Abbasovun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Əldə olunan məlumata görə, Vüsal Abbasovun saxlanılmasından sonra onun ətrafında olan və müxtəlif dövrlərdə cinayət əməllərində şərik kimi göstərilən bəzi şəxslər istintaqdan yayınmağa cəhd ediblər. Hüquq-mühafizə orqanları isə onların bu niyyətini vaxtında müəyyən edərək axtarış tədbirlərinə başlayıb. Xatırladaq ki, Abbasovun həbsindən dərhal sonra onun yaxın çevrəsində olan Cavid adlı şəxs də prokurorluq orqanları tərəfindən axtarışa verilib. Bu fakt istintaqın hələ də geniş dairədə aparıldığını göstərir.
Məsələ bununla bitmir. İddialara görə, hazırda daha bir iş adamının adı istintaq materiallarında hallanır. Məlumatlara əsasən, həmin şəxs ictimaiyyətdə “Vüsal 900” kimi tanınır. O, Bakının Nərimanov rayonu ərazisində yerləşən və paytaxt sakinləri arasında tanınmış “Buxur” çay evinin sahibidir. Mənbələrin bildirdiyinə görə, “Vüsal 900” uzun müddət “Vüsal 300” ilə yaxın münasibətdə olub. Hətta onların bəzi işlərdə şərikliyi, eləcə də qarşılıqlı maliyyə dəstəyi faktları qeyd edilir. Vüsal Abbasovun həbsi xəbəri yayıldıqdan sonra isə “Vüsal 900”ün də ortalıqda görünmədiyi və həbs ediləcəyindən ehtiyatlandığı iddia olunur.
Mənbə Vüsal barədə daha bir məlumat verib. Onun Bakı şəhərində, Nəriman Nərimanov metrostansiyasının yaxınlığında yerləşən “Buxur Lounge” restoranının sahibi olduğunu da deyir. Sayt kiçik bir araşdırma aparıb. Açıq mənbələrdə “Buxur Lounge” restoranının İzzəddin Həsənoğlu küçəsi 14 ünvanında yerləşdiyi təsdiqlənir. Nərimanov rayonu, İzzəddin Həsənoğlu 94 ünvanında yerləşən “Buxur” çay evinə daxil olan şəxs sözün əsl mənasında soğan qabığı kimi soyulur. Qiymətlərin absurd dərəcədə baha olması bir yana, insanlar çox zaman hesabı görəndən sonra tamamilə şoka düşür. Dostla və ya qonaqla təsadüfən bu məkana düşənlərin əksəriyyəti, sözün hər mənasında, çıxanda peşman olur. Məsələnin daha da gülünc və biabırçı tərəfi isə odur ki, iddialara əsasən, hesabı ödəmək istəyəndə müəssisədəki post-terminalın “qəfil” işləmədiyi bildirilir. Ödənişin yalnız nağd şəkildə və ya kartdan-karta köçürmə yolu ilə qəbul edilməsi isə artıq adi ticarət qaydalarının kobud şəkildə pozulması deməkdir. Bu metodun məqsədinin vergidən yayınmaq olduğu barədə ictimai rəydə ciddi şübhələr formalaşır.
Hazırda əsas sual Xırdalanın mərkəzinə yaxın ərazidə yerləşən bu sənaye sahəsinin hansı hüquqi əsasla sökülməsi və həmin ərazinin gələcək taleyinin necə müəyyənləşdirilməsidir. Əgər ərazidə yeni çoxmərtəbəli binaların inşası planlaşdırılırsa, bunun üçün müvafiq şəhərsalma və tikinti sənədlərinin olub-olmaması da ictimaiyyət üçün açıq olmalıdır.








