Cəmiyyət

BİR SAAT İŞLƏ, 35-50 MANAT QAZAN... - Yeni əməkhaqqı sistemi nə vəd edir?

34

Azərbaycanda minimum 1 saatlıq əməkhaqqının 34-50 manat səviyyəsində müəyyənləşdirilməsi təklif olunur. Bu məbləğin əsasən bir aydan az müddətə və həftədə 20 saatdan çox olmayan iş rejimi ilə çalışan şəxslərə şamil edilməsi nəzərdə tutulur. Belə bir sistemin tətbiqi əmək bazarında qısamüddətli, natamam iş vaxtı ilə çalışan şəxslərin əməyinin daha çevik və fərqli qaydada qiymətləndirilməsinə imkan verə bilər.

Hazırda ölkədə əməkhaqqı, əsasən, aylıq məbləğ əsasında müəyyənləşdirilir. Lakin bütün işçilər tam iş günü və ya tam iş həftəsi rejimində çalışmırlar. Bəzi şəxslər mövsümi, müvəqqəti, saatlıq və ya natamam iş qrafiki ilə işləyirlər. Belə hallarda əməkhaqqının faktiki işlənmiş vaxta uyğun hesablanması məsələsi aktuallaşır. Saatlıq əməkhaqqı sisteminin tətbiqi bir tərəfdən işəgötürənlərə əmək resurslarından daha çevik istifadə etmək imkanı yarada, digər tərəfdən isə qısamüddətli və natamam iş rejimində çalışanların hüquqlarının qorunmasına töhfə verə bilər.

Bununla belə, saatlıq əməkhaqqının hansı məbləğdə müəyyənləşdirilməsi, bu tarifin bütün peşələrə eyni qaydada tətbiq olunub-olunmayacağı və işçilərin sosial təminatının necə qorunacağı müzakirə mövzusudur.

İqtisadçı Akif Nəsirli bu barədə “AzPolitika”ya açıqlamasında bildirib ki, Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid mümkündür və bu, əmək münasibətlərinin daha çevik təşkilinə şərait yarada bilər. Lakin o qeyd edib ki, saatlıq əməkhaqqının 34-50 manat səviyyəsində müəyyənləşdirilməsi real görünmür.

Onun sözlərinə görə, bu məbləğ daha çox yüksək ixtisaslı mütəxəssislərin, məsləhətçilərin və xüsusi xidmət sahələrində çalışanların əməyinin qiymətləndirilməsinə uyğun ola bilər: “Kütləvi əmək bazarı üçün belə tariflərin tətbiqi işəgötürənlərin xərclərini kəskin artırar. Hesab edirəm ki, saatlıq əməkhaqqı vahid məbləğlə deyil, minimum əməkhaqqı, işçinin ixtisası, peşəsi və fəaliyyət sahəsi nəzərə alınmaqla müəyyən edilməlidir. Məsələn, aylıq 400 manat minimum əməkhaqqını 40 saatlıq həftəlik iş rejimi əsasında hesablasaq, saatlıq məbləğ təxminən 2,31 manat edir. Bu, yalnız riyazi müqayisədir, təklif olunan rəsmi tarif deyil”.

“Saatlıq əməkhaqqı sisteminə keçid zamanı əsas məsələ işçinin faktiki işlədiyi saatların düzgün uçota alınması, sosial sığorta hüquqlarının qorunması və gəlirlərinin aşağı düşməsinin qarşısının alınmasıdır”, – deyə iqtisadçı bildirib.

E. Bəyməmmədli

“AzPolitika.info”

Oxşar xəbərlər

↑