MEYDANIN RUHU, SÜLHÜN MƏSULİYYƏTİ... - 1988-ci ildən 2026-cı ilə uzanan yol

Tarixin elə günləri var ki, onları təqvimdən silmək mümkün deyil. Çünki həmin günlər sadəcə baş vermir, xalqın yaddaşına çevrilir. 17 noyabr 1988-ci il Azərbaycan tarixində belə günlərdəndir. Həmin gün Bakıda indiki Azadlıq meydanına axışan insanların tələbi aydın idi- Qarabağa sahib çıxmaq, torpağın taleyinə biganə qalmamaq, milli ləyaqəti qorumaq. Meydanın səsi bir məsələdən doğmuşdu-Qarabağdan.
O səsin içində etiraz, narahatlıq və öz taleyini müəyyən etmək istəyən xalqın iradəsi vardı. 17 noyabr həm də Azərbaycanın Milli Dirçəliş tarixinin başlanğıc nöqtələrindən biri kimi yadda qaldı.
O vaxt meydanda dayananların çoxu qarşıda hansı sınaqların olduğunu bilmirdi. Sovet İttifaqının dağılması, müstəqilliyin bərpası, müharibə, itkilər, məcburi köçkünlük və uzun illər davam edən gözlənti hələ yaşanmalı idi. Tarix bəzən bir xalqı arzuladığı sabaha aparmazdan əvvəl onu ağır suallarla üz-üzə qoyur. 1988-ci ilin meydanı da belə bir yolun başlanğıcı idi.
Lev Tolstoyun «Hərb və sülh» romanı müharibəni yalnız cəbhədəki toqquşma kimi deyil, insan talelərini dəyişdirən böyük fəlakət kimi təqdim edir. Müharibənin həqiqi qiyməti xəritələrdə deyil, yarımçıq qalan ömürlərdə, boş qalan evlərdə, yaddaşdan silinməyən ağrılardadır. Azərbaycan bu qiyməti yaxşı bilir. Qarabağ müharibəsinin ağrısı bir neçə nəslin yaddaşına yazıldı. Amma tarix dəyişdi: Qarabağ azaddır, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunub. Bu, xalqın uzun illər daşıdığı arzunun gerçəyə çevrilməsidir.
Pikassonun «Gernika» əsəri müharibənin dağıdıcılığını bir tabloya sığdırır. Orada qələbənin təntənəsi yox, zorakılığın insan həyatında buraxdığı izlər var. Əsər xatırladır ki, müharibədən sonra təkcə şəhərləri deyil, insanın daxili dünyasını da bərpa etmək lazımdır. Qarabağda quruculuq, Böyük Qayıdış, dağıdılmış şəhər və kəndlərin yenidən həyata qaytarılması bu baxımdan yalnız infrastruktur layihəsi deyil, həm də yaddaşın, ümidin və normal həyatın bərpasıdır.
Bu gün qarşıda başqa, heç də asan olmayan mərhələ dayanır: sülhün qurulması. Müharibənin bitməsi ilə sülh öz-özünə yaranmır. Sülh siyasi iradə, qarşılıqlı öhdəliklər, sərhədlərin müəyyənləşdirilməsi, nəqliyyat yollarının açılması və etimadın tədricən formalaşması deməkdir. Azərbaycan üçün əsas məsələ əldə etdiyi nəticələri qorumaq, regionda sabitliyi möhkəmləndirmək və milli maraqlarını təmin edən davamlı münasibətlər sisteminin yaranmasına nail olmaqdır.

Şekspirin «Fırtına» əsərində tufandan sonra sahilə çıxan insanları yeni seçim gözləyir. Fırtına keçib, amma bundan sonra hansı dünyanın qurulacağı hələ onların əlindədir. Cənubi Qafqaz da indi belə bir seçim qarşısındadır. Sülh regiona yeni iqtisadi imkanlar, açıq yollar və daha təhlükəsiz gələcək vəd edə bilər. Lakin bu gələcəyin möhkəm olması üçün razılaşmalar kağız üzərində qalmamalı, gündəlik siyasi davranışa çevrilməlidir.
Bu prosesdə böyük güclərin maraqları da az deyil. Rusiya, Türkiyə, İran, ABŞ və Avropa İttifaqı Cənubi Qafqaza fərqli baxışlarla yanaşırlar. Ancaq regionun gələcəyi yalnız kənar paytaxtların hesabları ilə müəyyənləşməməlidir. Əsas söz bölgə dövlətlərinin özünə məxsus olmalıdır. Azərbaycan üçün diplomatiyanın başlıca vəzifəsi də budur: sülh gündəliyini milli maraqlarla uzlaşdırmaq, əldə olunan nəticələri sabitliyə və inkişaf imkanlarına çevirmək.
Mixail Kalatozovun «Durnalar uçur» filmində müharibənin insan həyatında açdığı boşluq bir insanın taleyi üzərindən göstərilir. Film xatırladır ki, böyük siyasi qərarların arxasında həmişə adi insanların həyatı dayanır. Sülhün dəyəri də elə bundadır: uşaqların qorxu yox, ümidlə böyüməsi, ailələrin sabaha inamla baxması, gənclərin gələcəyini müharibə ehtimalı üzərində qurmaması.

17 noyabr 1988-ci ildə xalq Qarabağ üçün meydana çıxmışdı. 2026-cı ildə Qarabağ azaddır. Tarixin bir mərhələsi başa çatıb, qarşıda isə yeni məsuliyyət dayanır. 17 noyabrın bizə miras qoyduğu əsas dəyər milli iradə, birlik və öz taleyimizə sahib çıxmaq əzmidir. İndi həmin iradəni sülhə, quruculuğa və gələcəyə çevirmək zamanıdır. Çünki torpağı azad etmək tarixin böyük səhifəsidir, azad torpaqda təhlükəsiz, ədalətli və firavan həyat qurmaq isə gələcək nəsillər qarşısında borcdur...
Azər Rəşidoğlu
“AzPolitika.info”
