Sərdar Cəlaloğlu və qatığın rəngi

Azərbaycan şou biznesində maraqlı məhşurlaşmaq adəti var: kimsə tanınmaq, gündəmdə olmaq istəyirsə özünü təsdiqləmiş, qalmaqalla yox sənəti ilə tanınan digər birinə şər atır, böhtan deyir və gözləyir ki, ona cavab verilsin. Plan alınca həmin “yerdənbitmə” günlərlə mətbuatın diqqətində qalır və bunu özünün avantajı sayır. Bu taktikanın Azərbaycan siyasətində ən yaxşı icraçısı Sərdar Cəlaloğludur. Kənd yolunda avara-avara gəzən uşaq kimi adamın son illərdə daş atmadığı bostan qalmayıb: tarixdə Səməd Vurğuyndan vurub Qaçaq Nəbidən çıxıb, dində sünnilikdən vurub ələvilikdən çıxıb, siyasətdə Qüdrət Həsənquliyevdən Fazil Qəvənfəroğluya qədə\r sataşmadığı adam qalmayıb. İnsafən hər mövzuda da sözün həqiqi mənasında payı verilib. Google axtarış proqramında “Sərdar Cəlaloğlu” yazdıqda adamın böhtanları və onlara verilən cavablardan başqa bir şey ortaya çıxmır. Necə deyərlər adam işini qurub oturub: quyuya bir daş at, min ağıllı yığılıb çıxara bilməsin və beləcə gündəmdə qal.
Son olaraq S. Cəlaloğlu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq Şairi Sabir Rüstəmxanlıya dil uzadıb. Guya hansısa tədbirdə Səyavuş Novruzov deyib ki, “Sərdar Cəlaloğlu hökumətlə gündüzlər, Sabir Rüstəmxanlı isə gecələr əməkdaşlıq edir”. Əslində o qədər cılız və nağılvari böhtandır ki, bunun üçün deputatı narahat ediib dəqiqləşdirmə aparmağa da dəyməz. Heç Sabir bəyin də şou qaydalarını özünün siyasi karyerası üçün qurtuluş yulu seçən bu şəxsə cavabına da dəyməz. Çörçilin məşhur bir sözü var: “hər dəfə dayanıb yol kənarından sənə hürən itə daş atsan, mənzil başına çata bilməzsən” – Bir də ki, qardaşının həbsdə qalması üçün hər cür alçaqlıq edən adama nə deyəsən...
Azərbaycan siyasətinin uzunömürlü, lakin ürəkbulandıran fiqurlarından biri olan Sərdar Cəlaloğlu onilliklər boyu fəaliyyətə baxmayaraq, rəhbərlik etdiyi partiyaya nə sosial baza formalaşdıra bilib, nə də ictimai rəydə ciddi etimad qazanıb. Nə mərhum İlyas İsmayılov şəxsiyyətinin nüfuzu, nə də oliqarx Rəsul Quliyevin pulu bu şəxsi xilas edə bilmədi. Bu, təkcə siyasi şəraitlə bağlı deyil. Cəlaloğlunun öz siyasi davranışları, qeyri-sabit mövqeləri və prinsipiallıqdan uzaq çıxışları bunun əsas səbəblərindəndir. Adam nə ixtisası olan “morq”, yəni ölüxana sahəsində nəticə əldə edə bilib, nə də siyasət sahəsində. Boş-boş danışmaqdan başqa bacardığı iş yoxdur. Yazdıqları kitablar da iqtibaslardan ibarətdir. Yəni adam müəllif kimi, ancaq Vikipediyadan seçmələri nəşr etməkdən uzağa gedə bilməyib. Bir sözlə, Sərdar Cəlaloğlu ixtisası kimi, siyasi meyitdir. Neçə dəfə deputatlığa namizədliyini verib, danışıqlara gedib, iqtidar kabinetlərində əməkdaşlıq etdiyi siyasətçiləri, “dost” dediyi adamları satıb, amma yenə də nə yarındığı iqtidarın, nə də seçicilərin etimadını qazana bilib. Gəlib çatıb ahıl yaşına, amma təəssüf ki, özünü ahıl adam kimi apara bilmir.
İqtidarla danışıqlar demişkən, zamanında bu şəxsin siyasətə biznes və pul mənbəyi kimi baxdığının təsdiqini millət vəkili, ƏHD sədri Qüdrət Həsənquliyev sillə kimi üzünə vurmuşdu. Xatırlatmaqda fayda var: “Bir neçə il öncə o dəfələrlə qəbuluma gəldi ki, adını çəkmək istəmədiyim, Prezident Administrasiyasında işləyən bir məmur ayda ona 10.000 dollar pul verir, amma o şübhələnir ki, həmin məmur ona pul “atır”. Məndən xahiş etdi ki, bu məsələyə aydınlıq gətirmək üçün ona kömək edim. Mən də dedim ki, bu çox çətin məsələdir, amma çalışaram nəsə öyrənim. Bundan sonra daha bir neçə dəfə gəldi ki, bəs nə oldu? Onu mənim qapım ağzında boynubükük vəziyyətdə çox adam görüb”.
Cəlaloğlunun kəndi Cəhrini görməmişdən əvvəl, bu kəndin adını eşidir. Filankəs "Cəhri qaşığıdı, qarışdırandı" deyərdilər, baməzə, zarafatcıl olanları Cəhriyə gedən avtobusun tablosunda "Cəhri" sözü yox, qaşıq yapışdırıldığına "şahidlik" də edərdi. Bu kasıb kənddə loyal, laqeyd, mövqesiz adama rast gəlmək çətindir. İnsanlar doğulandan haqq, ədalət axtarışındadı. Düz bildikləri məsələdə heç kimə güzəşt yoxdu, müsahibin sözün ağzında kəsər, fikrini bitirməsinə aman vermədən etirazların bildirərlər. Hamı hamıya və hər şeyə müxalifətdədi, həmsöhbət, tərəfmüqabili tapmayıb tək qalsalar, özləri-özlərinə müxalifətdə olurlar (Yeri gəlmişkən, “Cəhrili müxalifət olanda Sərdar Cəlaloğlu, Qurban Məmmədov, iqtidar olanda Siyavuş Novruzov olur” məsəli də var). Sərdar Cəlaloğlu isə müxalifliyi, inkarlıq və böhtançılıq halına gətirib.
Məşhur bir pritça Cəlaloğlunun əllamə müxalifətçiliyinin və böhtanlarının mahiyyətini gözəl əks etdirir.
Mühazirə zamanı tələbə professordan soruşur:
- Professor qaranlıq mövcuddur?
- Əlbəttə.
- Siz düz demirsiz. Qaranlıq yoxdur. Çünki qaranlığın ölçü vahidi yoxdu, biz qaranlığı ölçə bilmərik. Yalnız işığın dalğası, uzunluğu, dərəcəsi var.
- Bəs qaranlıq nədir?
- Qaranlıq işığın olmamasıdır. Qaranlıq sözünü insanlar istifadə edir ki, işıq olmayanda nə baş verir.
(Tələbənin adı Albert Eynşteyn imiş.)
İndi oxşar bir dialoqu Sərdar Cəlaloğlu ilə aparıb desək ki, "Qatıq ağdır", o əlüstü "qatıq ağ ola bilməz" deyib, başlayacaq "mütləq ağ cism"in tərifin deyib, izahın verməyə. Bunu qoyub keçəcək "ağ işığın difraksiyası"na, bütün rənglərin ağ işıqdan yaranmasını izah etməyə. Bununla da ürəyi soyumasa, deyəcək: "Tutaq ki, o qatıq sizin kənddən, gəlib, sizdə də südün üzünü üç dəfə yığmasalar qatıq çalmazlar, o halda belə, qatıqda 1-2 faiz yağ qalacaq və yağ da sarıdı".
Bir sözlə, Sərdar Cəlaloğludan qatığın ağ olduğu etirafını eşitmək istəyirsənsə, gərək sən əvvəldən deyəsən ki, qatıq qaradır… Bir də onun öz rəngi… Qatığın rəngini mübahisə edənin gecə, ya gündüz harda nə etməsini sadalamağa gərək yox...
VHP Mətbuat Xidməti
