Yeni nüvə yarışı artıq başlayıb. Lakin Soyuq Müharibə dövründən fərqli olaraq, ABŞ bu dəfə iki eyni dərəcədə güclü rəqib – Çin və Rusiya ilə qarşıdurmaya hazırlaşmalıdır.
“AzPolitika” xəbər verir ki, “The Wall Street Journal”ın yazdığına görə, uzun müddət yalnız kiçik nüvə arsenalına malik olan Çin sürətlə ABŞ-yə yaxınlaşır. ABŞ ləngiyir, Rusiya isə Amerika şəhərlərinə yönəlmiş yeni nəsil sistemlər hazırlayır və Vaşinqton başda olmaqla Qərbi bu yolla qorxutmağa üstünlük verir.
Bu arada, Rusiya və ABŞ fevral ayında müddəti bitəcək SNV-III Müqaviləsinin məhdudiyyətlərinə hələ də riayət edir. Heç bir öhdəlik daşımayan Çin isə sürətlə irəliləyir. Amerikalı mütəxəssislərin qiymətləndirməsinə görə, 2030-cu illərin ortalarına qədər Pekin nüvə başlıqlarının sayına görə ABŞ-yə çata bilər.

Pentaqonun keçmiş rəsmisi Metyu Kroeniq nəşrə bildirib: “İndi trend nüvə arsenallarını azaltmaq yox, artırmaqdır. Biz üçüncü nüvə dövrünə qədəm qoyuruq və bu dövr 1990–2000-ci illərə deyil, daha çox Soyuq Müharibəyə bənzəyəcək”.
Amerika Alimləri Federasiyasının məlumatına görə, 1992-ci ildən bəri nüvə sınağı keçirməyən ABŞ hazırda 5117 nüvə başlığına malikdir. Lakin onların 3700-ü istismardan çıxarılıb. Rusiyanın 5459, Çinin isə təxminən 600 başlığı var. Bundan əlavə, ötən il Rusiya ilə rəsmi hərbi ittifaq quran Şimali Koreya təxminən 50 nüvə döyüş başlığına sahibdir və ABŞ-ni vura biləcək qitələrarası raketlərə, sualtı qayıqlara aktiv investisiya edir.
Massaçusets Texnologiya İnstitutunun Nüvə Təhlükəsizliyi Siyasəti Mərkəzinin direktoru Vipin Naranq deyib: “Bütün nüvə modernləşdirmə proqramımız ABŞ və Rusiyanın hərbi xərcləri azaltmağa davam edəcəyinə, Çin və Şimali Koreyanın isə ABŞ üçün real təhlükə yaratmayacağına əsaslanırdı. Bütün bu fərziyyələrin yanlış olduğu ortaya çıxır”.
Hazırda Çin silah nəzarəti danışıqlarına maraq göstərmir, çünki həm ABŞ-a, həm Rusiyaya çatmağa çalışır və eyni zamanda ən böyük iki nüvə gücünün əvvəlcə öz arsenallarını azaltmasını tələb edir.

Çin Müdafiə Nazirliyinin Təhlükəsizlik Əməkdaşlıq Mərkəzinin keçmiş direktoru, polkovnik Çjou Bo belə deyib: “Çin arsenalını artırmalıdır — ABŞ ilə eyni səviyyəyə çatmaq üçün yox, ABŞ-nin heç vaxt Çinə qarşı nüvə silahı işlətməyə cəsarət etməyəcəyi səviyyəyə qədər. O zaman ənənəvi müharibədə Çin qalib gələ bilər”.
Qərbdəki yüksək vəzifəli rəsmilərdən biri nəşrə bildirib ki, Rusiya Qərbin Kiyevə dəstəyini azaltmaq üçün nüvə təhdidlərindən istifadə edir: “Aydındır ki, ruslar vəziyyət onların xeyrinə olmadığı zaman həmişə nüvə kartından yararlanırlar. Bu, strateji kommunikasiyadır”.

Lakin bütün ajiotaja baxmayaraq, Oslo Universitetinin nüvə silahları və raket texnologiyaları üzrə eksperti Fabian Hoffmanın sözlərinə görə, Rusiyanın “Burevestnik” və “Poseidon” sistemləri tam işlək deyil və daha çox psixoloji təsirə malikdir: “Ruslar üçün bu dəhşətli raketlər barədə danışmağın əsas səbəbi qorxu yaratmaqdır. Bu proqramlar onların tədqiqat və inkişaf büdcəsini udur və əslində Rusiya üçün pul itkisinə çevrilir. Çinlilər isə daha ağıllı yanaşır: onlar sadəcə döyüş başlıqları və qitələrarası ballistik raketlər qururlar, ekzotik silah növlərinə sərmayə qoymurlar”.
Bir neçə gün əvvəl Donald Tramp Pentaqona nüvə silahı sınaqlarına başlamağı tapşırıb. Ekspertlər xəbərdarlıq edirlər ki, bu qərar Çin və Rusiyanı məsuliyyətdən azad edə bilər. ABŞ sınaqlara başlasa, onilliklərdir ölkələri belə addımlardan çəkindirən müqavilələr təhlükə altına düşəcək.
C.Məmmədli
“AzPolitika.info”









