Son günlər adı bir çox qalmaqallara qarışan Mədəniyyət Nazirliyi yeni tenderinə yekun vurub.
Tribunainfo.az xəbər verir ki, nazirliyin tabeliyində olan Əsaslı Tikinti və Təchizat MMC Mədəniyyət Nazirliyinin tabeli qurumların inzibati binalarında dezinfeksiya, dezinseksiya və deratizasiya xidmətlərini satın alacaq.
Həmin məlumata görə, tenderin qalibi “SANİTARİYA EPİDEMİOLOJİ XİDMƏTLƏR” MMC olub. Nazirliklə şirkət arasında işlərin görülməsi üçün 9 min 97 manatlıq müqavilə imzalanıb.
Məsələnin maraqlı tərəfi budur ki, Mədəniyyət Nazirliyi bu işləri 45 min 163 manata reallaşddırmaq təklifini verib. Yəni, bu qədər pul xərcləməyi planlaşdırırmış. Amma görünən odur ki, plan baş tutmayıb.
Bu əsnadda bildirək ki, Mədəniyyət Nazirliyinin qiymətləri şişirtməsi faktları az deyil. Məsələn, ötən gün KİV-də nazirliyin Xorvatiyada keçirilən tədbir üçün tenderinin nəticəsi barədə məlumat yayılmışdı. Məlum olmuşdu ki, Bakı-İstanbul-Zaqreb-Bakı reysi ilə uçuş üçün bir nəfərə 13 min manatlıq bilet alınıb. Bundan başqa, mədəniyyət işçilərinin də biletlərinin qiyməti heç də ucuz olmayıb. Məlumatlarda deyilir ki, nazirlik bunun üçün guya, adambaşına 4000 manat ödəyibmiş.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.









