Son günlər Yer kürəsinin geomaqnit sahəsi nisbətən sabit olub. Qısa müddətli aktivlik dövrləri müşahidə olunsa da, yaxın günlərdə maqnit qasırğasının başlayacağı gözlənilir.
Musavat.com xəbər verir ki, bu barədə “Meteoagent” məlumat yayıb.
Proqnoza əsasən, 18 dekabr tarixində K-indeks 5-ə yüksələcək ki, bu da G1 səviyyəli zəif maqnit qasırğasına uyğundur.
Böyük Britaniya Geoloji Xidməti də maqnit qasırğasının olacağını bildirir. Onların məlumatına görə, qasırğa artıq 17 dekabr tarixindən başlayacaq və 18 dekabr tarixinə qədər davam edəcək.
Məlumata görə, son dövrlərdə Günəş küləyinin sürəti davamlı olaraq artıb. 18 dekabrdan sonra isə Günəş küləyinin sürətində azalma gözlənilir.
Mütəxəssislər bildirir ki, maqnit qasırğası zamanı bəzi meteohəssas insanlar baş ağrısı, başgicəllənmə, yorğunluq və digər narahatlıqlar hiss edə bilərlər.
Belə günlərdə daha çox təmiz havada olmaq, məsələn, yatmazdan əvvəl gəzintiyə çıxmaq tövsiyə olunur. Gündə ən azı 8 saat yataraq istirahət etmək vacibdir. Qidalanmada tərəvəzlər və digər yüngül həzm olunan yeməklərə üstünlük verilməli, içkilərdən isə ən çox təmiz su qəbul edilməlidir. Qəhvə və spirtli içkilərdən uzaq durmaq, bədəni əlavə yükləməmək üçün önəmlidir.


İqbal RZAYEV,
Musavat.com









