Rusiya Müdafiə Nazirliyi Ukrayna prezidenti Vladimir Zelenskinin bu yaxınlarda Kupyanska səfər etməsinə baxmayaraq, Vladimir Putinə yenidən Xarkov vilayətinin Kupyansk şəhərinin ələ keçirildiyi barədə məlumat verib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, nazirliyin genişləndirilmiş kollegiya iclasında çıxış edən müdafiə naziri Andrey Belousov bildirib ki, yaşayış məntəqəsi “Qərb” qoşun qruplaşması tərəfindən tutulub və onun iddiasına görə, Ukrayna Silahlı Qüvvələri şəhəri geri qaytarmağa “uğursuz cəhdlər” göstərir.
Belousovun sözlərinə görə, Kupyansk Ukrayna ordusunun bölmələrinin təchizat yolları üzərində yerləşirdi və şəhərin ələ keçirilməsi Xarkov vilayətində “təhlükəsizlik zolaqlarını genişləndirməyə”, həmçinin LNR-in şimal rayonlarının atəşə tutulması riskini azaltmağa imkan verəcək.
Qeyd edək ki, noyabrın 20-də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov da Putinə Kupyanskın alındığı barədə məruzə etmiş, eyni zamanda Rusiya qoşunlarının “demək olar ki, bütün istiqamətlər üzrə” irəlilədiyini bildirmişdi.
Lakin bundan təxminən üç həftə sonra, dekabrın 12-də Ukrayna prezidenti Vladimir Zelenski Kupyanska səfər edib və şəhərin girişindəki stela önündə çəkilmiş videonu öz Telegram kanalında paylaşıb. O, müraciətində Kupyansk istiqamətində olduğunu, Ukrayna hərbçilərinin burada, onun sözlərinə görə, “Ukrayna üçün nəticələr əldə etdiyini” bildirib və Rusiya tərəfinin şəhərin “ələ keçirilməsi” ilə bağlı çoxsaylı bəyanatlarını xatırladıb.
Musavat.com









