“Rüşvət və korrupsiya ilə bağlı hər bir olay ciddi qanun pozuntusudur, hər bir qanun pozuntusu isə özü ilə xaos gətirir. Xaosdan isə dağıntı, nizamsızlıq, özbaşınalıq doğur. DTX-nın keçirdiyi əməliyyatlar qanunsuzluqlarla yanaşı, bu xaosun qarşısını almağa xidmət edir”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspert qeyd edib ki, vəzifəli şəxslərin rüşvət və korrupsiya ilə bağlı qanun pozuntularının ortadan qaldırılması, onların etdikləri əmələ görə məlsuliyyətə cəlb edilməsi olduqca vacibdir:
“Təbii ki, burada söhbət ilk növbədə qanunun tələbinin icrasından gedir. Kimliyindən, tutduğu vəzifədən asılı olmayaraq, əgər kimsə qanunun tələbini pozursa, ona qarşı cəza tədbirinin tətbiqi şərtdir. Bu baxımdan DTX-nın istər icra hakimiyyətlərində, istərsə də digər qurumlarda həyata keçirdiyi həbslər bu baxımdan mühüm əhəmiyyətə malikdir.
Bu əməliyyatların digər bir önəmi isə ondan ibarətdir ki, neqativ əmələri ilə cəmiyyətdə narazılıq doğuran şəxslərin həbsi vətəndaşlarda dövlətin ədalətinə, qanunun aliliyinə inam hissini möhkəmlənirir. Eyni zamanda, qanunsuzluqların daha da genişlənməsinə, cəmiyyətə daha dağıdıcı təsir göstərməsinə imkan vermir. Bu baxımdan DTX tərəfindən həyata keçirilən bu əməliyyatlar, həm də cəmiyyətdə xaosun, qarışıqlığın qarşısının alınması, dövlətçiliyin təməl prinsiplərinin müdafiəsi baxımından həyati əhəmiyyətə malikdir”.
Seymur ƏLİYEV









